Modern.az

“İnsan alveri ilə mübarizə formal kampaniya deyil, dövlət siyasətidir” - MÜSAHİBƏ

“İnsan alveri ilə mübarizə formal kampaniya deyil, dövlət siyasətidir” - MÜSAHİBƏ

Aktual

9 Yanvar 2026, 10:40

Modern.az İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevlə müsahibəni təqdim edir:

Ramiz müəllim, ilk olaraq oxucular üçün aydınlaşdıraq: insan alveri nədir və bu cinayət niyə qlobal təhlükə sayılır?

– İnsan alveri insanların zorakılıq, aldadılma, etibardan və ya asılı vəziyyətdən sui-istifadə yolu ilə istismara məruz qalmasıdır. Bu istismar məcburi əmək, cinsi istismar, borc quldarlığı və digər qeyri-insani formaları əhatə edir. BMT-nin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatlarına görə, dünyada 40 milyondan çox insan müasir köləliyin müxtəlif formalarına məruz qalır və onların təxminən 71 faizi qadınlardır. Bu göstəricilər 2018-ci ildən etibarən beynəlxalq hesabatlarda dəfələrlə təsdiqlənib. İnsan alveri transmilli mütəşəkkil cinayətkarlıqdan əldə edilən gəlirlərə görə narkotik və silah alverindən sonra üçüncü yerdə dayanır ki, bu da problemin qlobal təhlükə səviyyəsini açıq şəkildə göstərir.

Dünyada və ölkəmizdə insan alverinin qurbanları necə müəyyən edilir?

– Beynəlxalq təcrübədə insan alveri qurbanlarının müəyyən edilməsi üçün xüsusi indikatorlar sistemi tətbiq olunur. Bu indikatorlara şəxsin istismara məruz qalması, hərəkət azadlığının məhdudlaşdırılması, sənədlərinin alınması, psixoloji və fiziki təzyiqə məruz qalması, eləcə də əmək və ya cinsi istismar əlamətləri daxildir. Mövcud statistik məlumatlara əsasən, dünyada aşkar edilən insan alveri qurbanlarının təxminən 65–70 faizini qadınlar və azyaşlılar təşkil edir ki, bu da problemin sosial həssas qrupları daha çox əhatə etdiyini göstərir. Azərbaycanda isə insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində vahid, institusional və səmərəli mexanizm formalaşdırılıb. Bu mexanizm Daxili İşlər Nazirliyi, Milli Koordinator və aidiyyəti dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının qarşılıqlı əməkdaşlığı əsasında fəaliyyət göstərir. Daxili İşlər Nazirliyinin rəsmi hesabatlarına əsasən, son illər ərzində yüzlərlə potensial insan alveri qurbanı vaxtında müəyyən edilərək onların istismara cəlb olunmasının qarşısı alınıb. Qurban kimi tanınan şəxslərin hamısı dövlət tərəfindən qoruma tədbirləri ilə əhatə olunur. Onlar müvafiq sığınacaqlara yerləşdirilir, tibbi və psixoloji yardım alır, hüquqi dəstək və reabilitasiya proqramları ilə təmin edilirlər. Bu yanaşma insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasını və onların sosial müdafiəsini təmin edən mühüm mexanizm kimi çıxış edir.

İnsan alverçilərini Azərbaycanda hansı cəzalar gözləyir?

– Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən insan alveri xüsusilə ağır cinayət hesab olunur. Rəsmi statistikaya görə, son illərdə bu cinayətlə bağlı onlarla cinayət işi məhkəmələrə göndərilib və təqsirli şəxslər real həbs cəzalarına məhkum ediliblər.

Xüsusilə vurğulamaq lazımdır ki, aşkar edilən cinayətlərin böyük hissəsi mütəşəkkil dəstələrlə bağlıdır, azyaşlılara qarşı törədilən hallarda cəzalar maksimum həddə tətbiq olunur, insan alverindən əldə edilən əmlak və maliyyə vəsaitləri müsadirə edilir. Bu faktlar dövlətin bu sahədə heç bir güzəştə getmədiyini aydın şəkildə göstərir.

Kiber mühitdə insan alveri ilə bağlı vəziyyət necədir?

– Qlobal miqyasda insan alveri cinayətlərinin 30–35 faizi internet və sosial şəbəkələr üzərindən törədilir. Bu risklər 2020–2024-cü illər üzrə Milli Fəaliyyət Planında ayrıca istiqamət kimi nəzərdə tutulub. Eyni zamanda, 2023-cü ildə DİN-də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılması bu sahədə institusional imkanları xeyli gücləndirib. Aparılan monitorinqlər nəticəsində onlarla riskli səhifə və elan ifşa edilib, cinayətkar qruplar zərərsizləşdirilib, beynəlxalq tərəfdaşlarla birgə əməliyyatlar həyata keçirilib. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi arasında mövcud koordinasiya real nəticələr verir. DİN-in Mətbuat Xidmətinin sosial şəbəkələr üzərindən apardığı maarifləndirmə işi cəmiyyətin məlumatlılığının artırılmasına mühüm töhfə verir.

Ümumilikdə, Daxili İşlər Nazirliyi ilə digər hüquq-mühafizə orqanları və QHT-lər arasında qurulmuş sağlam və koordinasiyalı əməkdaşlıq nəticəsində dövlətin insan alverinə qarşı mübarizə siyasəti ardıcıl şəkildə həyata keçirilir.

Dövlət–QHT əməkdaşlığı hansı səviyyədədir?

– İnsan alveri qurbanlarına göstərilən sosial xidmətlərin əhəmiyyətli hissəsi dövlət–QHT əməkdaşlığı çərçivəsində həyata keçirilir. Daxili İşlər Naziri, Milli Koordinator və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi artıq 20 ildən çoxdur ki, bu sahədə qeyri-hökumət təşkilatları ilə sıx və sistemli əməkdaşlıq qurub və bu əməkdaşlıq hazırda da uğurla davam etdirilir. Əminliklə demək olar ki, formalaşmış bu model bir sıra inkişaf etmiş ölkələrin müvafiq qurumları üçün də nümunə ola biləcək səviyyədədir. Eyni zamanda digər dövlət qurumları da qeyri-hökumət təşkilatları, xüsusilə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir, onların təşəbbüslərini dəstəkləyir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və bir sıra dövlət qurumları hər il onlarla maarifləndirmə layihəsini maliyyələşdirir ki, bu da sahənin institusional inkişafına mühüm töhfə verir. Hazırda İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası fəaliyyət göstərir. Koalisiyanın tərkibində 45 ixtisaslaşmış qeyri-hökumət təşkilatı birləşir. Koalisiya ilə Milli Koordinator arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənəd çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, monitorinqlərin aparılması və insan alveri qurbanlarının müəyyən edilməsi istiqamətində birgə fəaliyyət uğurla davam etdirilir.

Milli Fəaliyyət Planları barədə nə deyə bilərsiniz?

– Azərbaycanda indiyədək insan alverinə qarşı mübarizə üzrə 4 Milli Fəaliyyət Planı qəbul olunub. 2004–2008 – hüquqi və institusional bazanın formalaşdırılması, 2009–2013 – qurbanların müdafiəsi və reabilitasiya sisteminin gücləndirilməsi, 2014–2018 – profilaktika və monitorinq mexanizmlərinin inkişafı, 2020–2024 – kiber mühitdə insan alverinə qarşı mübarizə və beynəlxalq standartlara uyğunlaşma. 

Hazırda 5-ci Milli Fəaliyyət Planı üzərində iş aparılır və 34 aidiyyəti dövlət qurumu tərəfindən Nazirlər Kabnetinə təkliflər təqdim olunub. Gözlənilir ki, yeni sənəd daha müfəssəl və strateji yol xəritəsi olacaq.

Qurbanlar üçün sığınacaqların sayı yetərlidirmi?

– Dövlət tərəfindən maliyyələşdirilən ixtisaslaşmış sığınacaq fəaliyyət göstərir və hər il onlarla qurban burada təhlükəsiz şəkildə yerləşdirilir. Eyni zamanda, QHT-lər öz daxili imkanları və dövlət dəstəyi ilə yaratdıqları sığınacaqları da fəaliyyətə cəlb ediblər. Lakin regionlarda bu tip mərkəzlərin sayı hələ də məhduddur. İnkişaf etmiş ölkələrin təcrübəsində beynəlxalq təşkilatlar yerli QHT-ləri maliyyələşdirərək regionlarda sığınacaqların yaradılmasına dəstək göstərirlər. Təəssüf ki, bəzi beynəlxalq qurumlar Azərbaycanda bu praktikanı tətbiq etmək əvəzinə, reallığı əks etdirməyən hesabatlara üstünlük verirlər ki, bu da mübarizənin effektivliyinə mənfi təsir göstərir.

Azərbaycan vətəndaşlarının ən çox aldadılaraq aparıldığı ölkələr hansılardır?

- Mövcud araşdırmalar və son rəsmi məlumatlar göstərir ki, Azərbaycan vətəndaşları insan alveri məqsədilə əsasən region ölkələrinə və Yaxın Şərq istiqamətinə yönləndirilirlər. Qadınlar daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Qətər və bəzi digər ölkələrdə cinsi istismara məruz qalırlar. Kişilər isə əsasən Rusiya Federasiyası, İran, İraq və digər ölkələrdə məcburi əməyə cəlb olunurlar. Bu bölgü insan alveri şəbəkələrinin fəaliyyət mexanizmləri və həmin ölkələrdə mövcud əmək bazarındakı tələbatla birbaşa bağlıdır. Belə ki, qadınlar xidmət və əyləncə sektorları adı altında aldadılaraq cinsi istismara cəlb olunur, kişilər isə tikinti, kənd təsərrüfatı və digər ağır əmək sahələrində qeyri-qanuni şəkildə işlədilirlər. Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən profilaktik tədbirlər və beynəlxalq əməkdaşlıq bu istiqamətdə risklərin azaldılmasına xidmət edir.

Sonda nə demək istərdiniz?

Aparılan mübarizə onu göstərir ki, insan alverinə qarşı mübarizə Azərbaycanda formal kampaniya deyil, ardıcıl və real nəticələrə əsaslanan dövlət siyasətidir. Bu sahədə güclü siyasi iradə mövcuddur, hüquqi mexanizmlər işlək vəziyyətdədir, hüquq-mühafizə orqanları isə peşəkar şəkildə fəaliyyət göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar qərəzli yanaşmalardan uzaq duraraq regionlarda sığınacaqların yaradılması, yerli qeyri-hökumət təşkilatlarının institusional gücləndirilməsi istiqamətində real və məqsədyönlü dəstək göstərsələr, insan alverinə qarşı mübarizənin effektivliyi daha da artmış olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır