Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, bütün bölgəni vahid nəqliyyat və kommunikasiya şəbəkəsi ilə bir-biri ilə əlaqələndirmək əsas vəzifələrdən biridir. Dövlət başçısının sözlərinə görə, bu bölgənin Azərbaycanın digər əraziləri ilə Kəlbəcər vasitəsilə Gəncə–Qərb istiqamətində, Tərtər–Bərdə–Bakı istiqamətində, eləcə də Füzuli–Biləsuvar–Cənub istiqamətində əlaqələndirilməsi ölkə üzrə nəqliyyat bağlantılarını daha etibarlı edəcək və yollara sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq. Prezident vurğulayıb ki, insanlar adətən yaşadıqları bölgələrdə məskunlaşmağa üstünlük verirlər. Lakin dəmir yolu, avtomobil yolları və gələcəkdə hava nəqliyyatı imkanlarının genişlənməsi ölkə daxilində miqrasiyanı stimullaşdıracaq. Bu baxımdan, bütün əhalinin Bakıya üz tutması zəruri deyil. Əksinə, artıq bu gün Xankəndi kimi şəhərlərə Bakıdan, Naxçıvandan və ölkənin digər bölgələrindən insanlar gəlməkdədir. Dövlət başçısı qeyd edib ki, Xankəndi və Ağdam azad edilmiş ərazilərin əsas şəhərlərinə çevriləcək. Həyata keçirilən bütün infrastruktur və quruculuq layihələri bu bölgələrin iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verəcək, eyni zamanda ölkənin ümumi sosial-iqtisadi inkişafına güclü təkan olacaq. Ümummilli lider Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat və iqtisadi baxımdan daha sıx inteqrasiyasına xüsusi önəm verirdi. Bu yanaşma təsadüfi deyildi. Çünki erməni millətçiləri Qarabağın dağlıq hissəsinin guya Azərbaycanın digər rayonları ilə iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, bölgənin demoqrafik göstəricilərinə dair saxta iddialar irəli sürürdülər.
Məhz bu cür əsassız iddiaların qarşısının alınması üçün Yuxarı Qarabağın Aran Qarabağla, eləcə də respublikanın digər bölgələri ilə əlaqələrinin möhkəmləndirilməsi, strateji əhəmiyyətə malik kommunikasiya xətlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyırdı. Bu məqsədlə həyata keçirilən ən vacib layihələrdən biri Ağdam–Xankəndi dəmir yolu xəttinin çəkilməsi oldu. 1979-cu il yanvarın 12-də Ümummilli lider Heydər Əliyevin birbaşa iştirakı ilə istifadəyə verilən bu dəmir yolu xətti Qarabağın dağlıq və aran hissələrinin, eyni zamanda Azərbaycanın digər rayonlarının iqtisadi və təsərrüfat baxımından daha sıx birləşdirilməsinə xidmət edən strateji addım idi. Bu layihə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin bariz nümunəsi olmaqla yanaşı, Qarabağın sosial-iqtisadi inkişafında və ölkənin ərazi bütövlüyünün möhkəmləndirilməsində böyük tarixi xidmət kimi dəyərləndirilməlidir.İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və ordumuzun misilsiz qəhrəmanlığının parlaq təcəssümü kimi son yüz ilin ən şanlı tarixi hadisələrindən biri oldu. 44 gün davam edən bu Vətən müharibəsi nəticəsində Azərbaycan yalnız torpaqlarını işğaldan azad etmədi, eyni zamanda milli ləyaqətini, tarixi ədaləti və beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Bu Zəfər xalqımızın birlik və həmrəyliyinin, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsi olaraq tarixə yazıldı. Bu gün üçrəngli müqəddəs Bayrağımız Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Bu mənzərə təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycan dövlətinin gücünün, xalqımızın sarsılmaz ruhunun rəmzidir. Hər bir azad edilmiş şəhər və kənd şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı bahasına geri qaytarılmış müqəddəs Vətən torpaqlarıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra yalnız işğala son qoymaqla kifayətlənmədi, eyni zamanda 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş tarixi və inzibati-ərazi bölgüsünü də bərpa etdi. Prezident cənab İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı Fərmana əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi ədalətin bərpası, milli dövlətçilik siyasətinin məntiqi davamı oldu. Bu qərar həm tarixi reallıqlara, həm də müasir inkişaf strategiyasına əsaslanan mühüm siyasi addım kimi dəyərləndirilir. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf mərhələsinin əsas dayaqlarından birinə çevrilir. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan heç vaxt öz haqqından vaz keçmir və milli maraqlarını qorumağa hər zaman qadirdir.Bu Zəfər tarixi yaddaşımızda əbədi qalacaq, gələcək nəsillərə isə qürur, vətənpərvərlik və dövlətə sədaqət nümunəsi kimi ötürüləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və reinteqrasiyası ilə bağlı çıxışlarında dəfələrlə vurğulamışdır ki, bu torpaqların dirçəldilməsi yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmamalı, eyni zamanda onların ölkənin ümumi iqtisadi, sosial və nəqliyyat sisteminə tam inteqrasiyasını təmin etməlidir. Dövlət başçısı cənab İlham Əliyev qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru ölkəmizin ayrılmaz tərkib hissəsi kimi sıfırdan qururuq və bu bölgələr Azərbaycanın inkişaf lokomotivlərindən birinə çevriləcək”. Bu strateji yanaşmanın əsas sütunlarından biri işğaldan azad olunmuş ərazilərdə əvvəlcə daxili bölgələrarası bağlantının yaradılması olmuşdur. Cənab Prezident İlham Əliyev müxtəlif açılış mərasimlərində və regionlara səfərləri zamanı bildirmişdir ki, uzun illər işğal altında qalmış ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulması dövlət üçün prioritet məsələdir. Onun vurğuladığı kimi, “yol olmayan yerdə inkişafdan danışmaq mümkün deyil”. Məhz bu səbəbdən azad edilmiş ərazilərdə yaşayış məntəqələrini bir-biri ilə birləşdirən avtomobil yolları, körpülər və nəqliyyat qovşaqları qısa müddətdə inşa olunmağa başlamışdır. Daxili regional bağlantılar təmin edildikdən sonra növbəti mühüm mərhələ həmin bölgələrin Azərbaycanın digər iqtisadi və inzibati zonaları ilə əlaqələndirilməsi olmuşdur. Prezident İlham Əliyev çıxışlarında açıq şəkildə qeyd etmişdir ki, Qarabağ və Şərqi Zəngəzur heç vaxt ölkənin ucqarı olmayacaq, əksinə, ölkənin bütün bölgələri ilə sıx əlaqədə fəaliyyət göstərəcək. Bu baxımdan Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı və Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantıların yaradılması xüsusi strateji əhəmiyyət kəsb edir. Gəncə-Qərb istiqaməti barədə danışan dövlət başçısı Gəncənin tarixən Azərbaycanın əsas sənaye və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulamış, bu şəhərin Qarabağ bölgəsi ilə birbaşa əlaqəsinin yaradılmasının iqtisadi sinerji formalaşdıracağını bildirmişdir. Bu bağlantı azad olunmuş ərazilərin Qərb bölgəsinin istehsal, logistika və insan resursları potensialına çıxışını təmin edir və regionlararası iqtisadi əməkdaşlığı gücləndirir.Tərtər-Bərdə-Bakı xətti isə Prezident İlham Əliyevin sözləri ilə desək, “ölkənin ürəyi olan paytaxtla azad olunmuş torpaqlar arasında etibarlı və fasiləsiz əlaqə yaradır”. Bu istiqamət vasitəsilə dövlət idarəçiliyi, investisiya mühiti və sosial xidmətlərin təşkili daha çevik və səmərəli şəkildə həyata keçirilir. Bakı ilə birbaşa və alternativ marşrutlar üzərindən qurulan bağlantı ölkənin vahid idarəetmə məkanını daha da möhkəmləndirir. Füzuli-Biləsuvar-Cənub istiqaməti isə Prezidentin regional balans və inklüziv inkişaf siyasətinin bariz nümunəsidir. Dövlət başçısı çıxışlarında Azərbaycanın cənub bölgələrinin iqtisadi potensialının Qarabağla əlaqələndirilməsinin vacibliyini vurğulamış, bu marşrutun kənd təsərrüfatı, ticarət və logistika baxımından yeni imkanlar açacağını bildirmişdir. Bu istiqamət cənub bölgələrinin məhsullarının daha geniş bazarlara çıxışını təmin etməklə yanaşı, Qarabağın iqtisadi həyatına da dinamika gətirir.Prezident İlham Əliyevin çıxışlarında xüsusi olaraq qeyd etdiyi məqamlardan biri də bu bağlantıların milli birliyə xidmət etməsidir. Onun sözlərinə görə, “biz ölkə daxilində elə bir nəqliyyat və iqtisadi şəbəkə qururuq ki, Azərbaycanın hər bir bölgəsi digər bölgələrlə sıx bağlı olsun”. Bu yanaşma regionlararası fərqlərin azaldılmasına, sosial ədalətin təmin olunmasına və dayanıqlı inkişafın möhkəmlənməsinə xidmət edir.44 günlük Vətən müharibəsində əldə olunan qələbə tək xalqın sevinci, ölkəmizin siyasi arenada artan nüfuzunu daha da möhkəmləndirməklə qalmadı, eyni zamanda yeni iqtisadi reallıqlar da yaratdı. Bu reallıqlardan biri də Zəngəzur dəhlizidir. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq, Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək. İşğaldan azad edilən ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması və təzə xətlərin çəkilməsi işləri həyata keçirilir. Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin inşası tamamlanıb. Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin inşasının ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin isə 60 %-i tamamlanıb. Yol üzərindəki tunellərin biri artıq tam hazırdır, ikinci tuneldə isə qazıntı işləri aparılıb. Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir. Kəlbəcərin turizm potensialı ilə yanaşı, aqrar və ümumi iqtisadi imkanları da kifayət qədər genişdir.Lakin bu potensialdan səmərəli istifadə üçün güclü nəqliyyat-logistika sistemi,mühəndis-kommunikasiya xətləri və sosial infrastrukturun qurulması əsas şərtdir. Məhz bu məqsədlə icra olunan genişmiqyaslı layihələr bölgədə turizm imkanlarını xeyli genişləndirəcək, eyni zamanda yerli və xarici turistlərin cəlb olunmasına real zəmin yaradacaq. İnfrastrukturun inkişafı sərmayə qoyuluşları baxımından da mühüm əhəmiyyət daşıyır. Artıq Kəlbəcər və digər işğaldan azad edilmiş rayonlara maraq göstərən yerli və xarici iş adamlarının sayı ilbəil artır. Bu baxımdan Murovdağ tunelinin istismara verilməsi xüsusi əhəmiyyət kəsb edir. Tunel bölgənin iqtisadi aktivliyini artırmaqla yanaşı, yük və sərnişin daşımalarını xeyli asanlaşdıracaq, Kəlbəcərin ölkənin əsas iqtisadi mərkəzləri ilə əlaqəsini daha da gücləndirəcək. Bu mühüm infrastruktur layihəsi kənd təsərrüfatı, ticarət, xidmət və sənaye kimi digər iqtisadi sahələrin də inkişafına təkan verəcək. Çətin relyefə malik olmasına baxmayaraq, strateji mövqedə yerləşən Kəlbəcər rayonuna yönələn yatırımlar sosial-iqtisadi inteqrasiyanı sürətləndirəcək, əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun artmasına mühüm töhfə verəcək. Yeni yolların, tunellərin, elektrik, su və digər kommunal xidmətlərin qurulması bölgədə həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, Kəlbəcərin ümumi iqtisadi dövriyyəyə tam şəkildə daxil olmasını da təmin edəcək.Ümumilikdə, Murovdağ tuneli və digər irimiqyaslı infrastruktur layihələri təkcə Kəlbəcər rayonunun deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişində, eyni zamanda Azərbaycanın ümumi iqtisadi inkişaf strategiyasında mühüm rol oynayacaq.Nəticə etibarilə, Prezident İlham Əliyevin strateji baxışına əsaslanan bu siyasət işğaldan azad olunmuş ərazilərin əvvəlcə daxili regional, daha sonra isə Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı və Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə ölkədaxili bağlantılar vasitəsilə Azərbaycanın vahid inkişaf modelinə inteqrasiyasını təmin edir. Bu proses yalnız infrastruktur layihəsi deyil, eyni zamanda güclü dövlət, möhkəm milli birlik və davamlı iqtisadi inkişaf konsepsiyasının praktik təzahürüdür.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri