“Baku TV-də jurnalist Elçin Əlibəyli reytinq xatirinə nala-mıxa vurur. Qardaşım oğlu başqa ölkə vətəndaşı, qohum olduğu ailə başqa ölkə vətəndaşı. Qərar verib 50 nəfərlik toy ediblər.
Mən parlamentdə toylarda israfçılıq və yüksək səs əleyhinə çıxış etmişəm və bu gün də mövqeyimdə qalıram. Qardaşım oğlunun toyunda nə israfçılıq olub, nə də yüksək səs.
Digər tərəfdən, qardaşım oğluna görə məsuliyyət daşımıram. Görəsən Elçin Əlibəyli öz qardaş-bacılarına görə, əmisioğlu, dayısıoğlu, xalaoğlu, bibioğlu və sairə və sairə üçün məsuliyyət daşıyır? Axı o da efirdən hamıya dərs keçməyə cəhd edir...”
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev öz Facebook səhifəsindəki paylaşımında bildirib.
“Bizim qanunlarımızda qohumlara görə ictimai xadimə, vəzifəli şəxsə, ziyalıya məsuliyyət varmı?
Başqa sözlə, gənclərin toyu olub, xöşbəxt olmaq istəyirlər. 25-30 il toy arzusu ilə yaşayıblar və hər kəs kimi həddi-buluğa çatıb evlıniblər. Toy edənlərə "Xöşbəxt olun!", "Allah mübarək eləsin!", "Oğullu-qızlı olun!" deyərlər. Siz nə deyirsiniz? Biriniz ucuz reytinq xatirinə, biriniz baxış sayına, biriniz paxıllıqdan, biriniz qərəzdən, biriniz özünüzün həyatın bütün mərhələlərində uğursuz olduğunuzdan nifrət və qərəz püskürürsünüz.
Onlar xöşbəxt olmaq üçün toy ediblər. Toyu da gözlərindən tökdünüz. Heç vicdan əzabı çəkirsiniz? Heç olmasa Allahdan qorxun ki, o da sizlərə xoş gününüzdə əzab yaşatmasın”, - deputat vurğulayıb.