İcbari tibbi sığorta əsasən minimum tibbi xidmətləri təqdim edir ki, buda əsasən aztəminatlı, sosial cəhətdən zəif müdafiə olunan və həssas əhali üçün əlçatan olsun. Əslində tibbi sığortanın fəlsəfəsi elə budur, hamı sığorta haqqını ödəyir, ancaq ehtiyacı olan vətəndaşlar tibbi xidmətlərdən yararlanır. Məsələyə gəlincə stomatoloji xidmətlər bütün dünyada olduğu kimi bizdə də xidmətlər zərfinə daxil edilmir. Bu səbəbdən stomatoloji xidmətlər tibbi müəssisə daxilində ödənişli həyata keçirilir, yəni orda calışan stomatoloq əmək haqqısını büdcə hesabına alır, istifadə olunan maddi resurslar tibbi müəssisə tərəfindən qarşılanır.
Təqdim olunan təhlillərdən belə məlum olur ki, rayonlarda stomatoloji xidmətlər mövcud tələbatdan artıq olduğu, maddi resursların səmərəli olmadığı və ödənişlərin tam nağdsız rəsmi qaydada verilmədiyindən belə bir hal baş verib. Görünən budur ki, ixtisar olunan stomatoloqlar ay ərzində ya heç bir tibbi xidmət göstərməyiblər, ya da tibbi xidmət göstərilibsədə, rəsmi ödəniş olunmayıb və üstəlikdə ayda əmək haqqı alıblar belə halda iqtisadi rentabellik əldə olunmayıb.
Hamıya aydındır ki, rayonlarda ciddi həkim çatışmazlığı mövcuddur, eləcə də kənd və qəsəbələrdə stomatoloqlar faktik olaraq yox dərəcəsindədi. Gəlin etiraf edək ki, özəl stomatoloji kabinetlərdə xidmətlərin qiymətləri, hamı üçün əlçatan deyil.
Yaxşı olardı ki, bu məsələlər daha ciddi təhlil olunardı, yəni birincisi, ay ərzində pasiyent qəbul edən, dövlət hesabına maddi resurslardan yararlanan, rəsmi ödəniş etməyən və əmək haqqı alan stomatoloqlar;
İkincisi ay ərzində pasiyent qəbul etməyən, sadəcə əmək haqqı alan. hər gün işə gedib gələn həkimlər ( əgər belə həkimlər mövcuddursa!)
İqtisadi nöqteyi-nəzərindən daha uyğun olardı ki, ixtisar olunan, təcrübəsi və pasiyent bazası buna imkan verən stomatoloqlar üçün tam təchiz olunmuş həmin stomatoloji kabinetlər özlərinə icarəyə verilərdi ya da hər icra olunan xidmətlərdən rəsmi kassa ödənişi olduğu halda, həvəsləndici bonuslar əsasında müştərək şəkildə təklif olunardı.
Ancaq indiki vəziyyətdə həkimləri gözlənilmədən ixtisar etmək, alternativ iş təklif etməmək, işsiz qoymaq, həm mənəvi cəhətdən düzgün deyi, həmdə ki, işsizliyin qarşısının alınmasına ziddir.
Nicat Xəlilov
Əczaçılıq üzrə fəlsəfə doktoru,
Səhiyyə eksperti