Modern.az

Azərbaycanın əsas hərbi sərgisi bu tarixdə keçiriləcək

Azərbaycanın əsas hərbi sərgisi bu tarixdə keçiriləcək

Aktual

13 Yanvar 2026, 14:24

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

Modern.az xəbər verir ki, “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaq.

“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan Elektronik San. ve Tic. A.Ş.”, “Turkish Aerospace Industries” – TAI, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “Edge Group PJSC”, İspaniyadan “INDRA”, İsraeldən “IAI - Israel Aerospace Industries”, “Plasan” və digər dünyaca tanınmış şirkətlərin adlarını qeyd etmək olar.

Bir sıra ölkələr “ADEX”də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiyanı qeyd edə bilərəm. Bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaqlar. Əvvəlki illərdə olduğu kimi bu il “ADEX”ə yeni ölkələr və şirkətlərin qatılması gözlənilir.

Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.

Qeyd edilib ki, “ADEX”lə eyni tarixlərdə “Securex Caspian” sərgisi də təşkil ediləcək. Bu sərgidə kiber təhlükəsizlik sektoru diqqət mərkəzində olacaq.

Miqyasına və məzmununa görə “ADEX”, regionda silah və hərbi texnika sahəsində keçirilən ən iri tədbirlərdən biri kimi müdafiə sənayesinin inkişaf səviyyəsini, müasir silah və qabaqcıl texnologiyaların geniş nümayişini əks etdirən effektiv platforma kimi çıxış edir. Burada təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri və digər sektorlar təmsil olunacaq.

Eyni zamanda “ADEX” sərgisi üçün geniş işgüzar proqram hazırlanıb. Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

“ADEX” yüksək səviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.

Sərgi bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır