İran şahının hazırda Amerikada mühacir həyatı yaşayan arvadı Fərəh Pəhləvi İran xalqına başsağlığı verib.
Modern.az xəbər verir ki, sosial şəbəkələr üzərindən ünvanlanan başsağlığında Fərəh Pəhləvi
İranda günahsız etirazçıların meyitləri əks olunmuş görüntüləri izləyərkən sarsılsığını bildirib.
“Bu mənzərə bir ana kimi ürəyimi ağrıtdı. Qanı tökülən vətən övladlarının hər biri mənim övladlarım qədər əzizdir. İranın ana və atalarına səbr diləyir və özümü onların yasının bir qismi hesab edirəm. Mən bu xalq üsyanında yaxınlarını itirmiş bütün soydaşlarımıza ürəkdən başsağlığı verir, yaralılara şəfa diləyirəm”, - F.Pəhləvi deyib.
Şahın arvadı İran Ordusuna da müraciət edib və onu xalqa qoşulmağa çağırıb.
“Çox gec olmadan digər bacı və qardaşlarınıza qoşulun və taleyinizi qatillərə bağlamayın. Sabahın azad İranı sizin də övladlarınızındır. Həmvətənlərinizin qanını tökməklə ailənizin gələcəyini məhv etməyin”.
İran xalqına çağırış edən Fərəh Pəhləvi “möhkəm olun və inanın ki, tezliklə İranda azadlığı birlikdə qeyd edəcəksiniz və işıq qaranlığa qalib gələcək” deyib.
İranda şah rejimi – Pəhləvilər sülaləsi 1979-cu ildə devrilib.
Pəhləvilər 1925-ci ildə ingilislərin köməyilə İrandakı sonuncu türk sülaləsi olan Qacarları devirərək hakimiyyəti ələ keçirmişdilər. 1925-1979-cu illər arasında İranda hakimiyyətdə olmuş Pəhləvilər sülaləsi ən qəddar rejim kimi xatırlanır.
Farslaşmış azərbaycanlı olan Fərəh Pəhləvi İranda hazırkı rejimin devrilməsini arzulayır. Onun istəyi oğlu Rza Pəhləvinin İranda hakimiyyət başına keçməsidir.
Fərəh Pəhləvi ilə Məhəmməd Rza Pəhləvinin 4 övladı dünyaya gəlib.
2001-ci ildə Fərəh Pəhləvinin kizik qızı Leyla ABŞ-da vəfat edib.
2011-ci ildə ailəyə növbəti bədbəxtlik üz verib. Məhəmməd Reza Pəhləvinin kiçik oğlu Əli Rza Pəhləvi özünü güllə ilə vuraraq, intihar edib.
Bu gün Fərəh Pəhləvi, böyük oğlu Rza Pəhləvi, böyük qızı Fərəhnaz Vaşinqtonda yaşayırlar.