Modern.az

ABB 2025-ci il üçün HESABATI

ABB 2025-ci il üçün HESABATI

Aktual

14 Yanvar 2026, 10:40

Azərbaycanın ən böyük dövlət bankı ABB 2025-ci ili 335,7 mln. manat xalis mənfəətlə bitirib.

Modern.az bu barədə banka istinadən xəbər verir. Bankın xalis mənfəəti ötən bir ildə 14,3% və ya 42 mln. manat artıb.

Hesabat dövründə ABB-nin faiz gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 181,4 mln manat və ya 19,8% artaraq 1,095 mlrd. manata yüksəlib. Artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 157,6 mln manat (+23,7%) artması olub ki, bu da kredit portfelinin genişlənməsi və faiz gəlirliyinin yüksəlməsi ilə izah edilir.

Eyni zamanda faiz xərcləri daha sürətlə – 55,3% artaraq 387,4 mln manata çatıb. Bu artım əsasən depozitlər üzrə faiz ödənişlərinin və cəlb edilmiş resursların maya dəyərinin yüksəlməsi ilə bağlıdır. Nəticədə xalis faiz gəliri artsa da, artım tempi nisbətən məhdud olub – 5,6%.

Maraqlıdır ki, bankın qeyri-faiz gəlirləri üzrə dinamika daha yüksək olub. Qeyri-faiz gəlirləri illik müqayisədə 32,7% artaraq 451,5 mln. manata yüksəlib. Ötən il bank komissiya gəlirlərindən 66 mln. manat daha çox (+28,7%) qazanıb.

Qeyri-faiz xərcləri isə 20,4% artaraq 627,5 mln manata çatıb. Xərclərin artmasına baxmayaraq, gəlir artımı bunu kompensasiya edib və nəticədə vergidən əvvəl mənfəət 13,4% artaraq 417,9 mln manat olub.

Bankın cəmi aktivləri il ərzində faktiki olaraq dəyişməyərək 13,63 mlrd. manat səviyyəsində qalıb. Bununla belə, aktivlərin tərkibində mühüm dəyişiklik baş verib.

ABB-nin nağd pul vəsaitləri və ekvivalentləri 658 mln. manat və ya 20,8% azalaraq 2,50 mlrd. manata enib. Bu, bankın likvid vəsaitlərinin bir hissəsinin daha gəlirli istiqamətlərə yönəldildiyini göstərir. Paralel olaraq müştərilərə verilmiş kreditlər (xalis) 651 mln. manat və ya 11,1% artaraq 6,52 mlrd. manata çatıb. Kredit portfelində artımın drayveri biznes kreditləri (+14%) və istehlak kreditləri (+10,3%) olub.

Bu, bankın real sektor və əhali ilə kredit münasibətlərini aktivləşdirdiyini göstərir. Risklər baxımından mühüm məqam ondan ibarətdir ki, kreditlər üzrə mümkün zərərlər üçün məqsədli ehtiyatlar 486,7 mln manatdan 564,9 mln manata yüksəlib. Bu artım kredit portfelinin böyüməsi fonunda risklərin daha konservativ qiymətləndirildiyini göstərir.

Bankın cəmi öhdəlikləri isə 1,35% azalaraq 11,42 mlrd manata düşüb. Fiziki şəxslərin depozitləri 23,8% artaraq 3,40 mlrd manata yüksəlsə də, hüquqi şəxsləri üzrə depozit portfeli 12,5% azalaraq 5,49 mlrd manata enib.

Bu, depozit bazasında əhali vəsaitlərinin payının artdığını, korporativ vəsaitlərin isə qismən azaldığını göstərir. Bundan əlavə, Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklərin 53%-dən çox azalması bankın dövlət mənbələrindən asılılığının azaldığını göstərir.

Müsbət məqamlardan biri də kapitalın möhkəmlənməsidir. Cəmi kapital 7,5% artaraq 2,20 mlrd manata çatıb.

Ümumilikdə, balans göstəriciləri bankın daha çox kreditləşməyə yönəldiyini, likvidlik ehtiyatlarını azaltdığını, lakin kapital mövqeyini gücləndirdiyini göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır