Samuxda “Samux Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH Başçısı yanında Şuranın üzvləri, hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, bir qrup rayon fəalları iştirak iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev qeyd etdi ki, Zəfərimizin beşinci ilini qürurla qeyd etdiyimiz və artıq yola saldığımız 2025-ci il ölkəmizin həyatında bütün sahələrdə qazanılan uğurlarla yadda qaldı. İstər iqtisadi, siyasi, hərbi sferada, istərsə də diplomatik müstəvidə çoxsaylı əlamətdar hadisələr yaşandı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərindən, Azərbaycanın beynəlxalq platformalarda qazandığı nüfuza, ölkələrlə çoxşaxəli əməkdaşlıq əlaqələrinə qədər əldə olunan bütün nailiyyətlər, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla və məqsədyönlü şəkildə davam etdirilməsi sayəsində mümkün olub.
İcra başçısı hesabat dövründə 2025-ci ildə rayonda sosial-iqtisadi, kənd təsərrüfatı, abadlıq-quruculuq və digər sahələrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev bildirib ki, Müasir Azərbaycan dövləti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olduğunu və əhalinin rifah halının ildən-ilə yüksəldiyini qeyd edib.
Digər çıxış edənlər YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəisi Məmməd Məmmədov, “Azərişıq” ASC-nin rayon Elektrik Şəbəkəsinin rəisi Yadigar Bağırov və Samux Rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıblar, Samux rayonunun ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışıblar.
Yığıncaq iştirakçıları adından cənab Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Sonda xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən şəxslərə Samux Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.







