Modern.az

“Böyük Qayıdış”ın yeni ünvanları: Ağdərə və Tərtər

“Böyük Qayıdış”ın yeni ünvanları: Ağdərə və Tərtər

Aktual

15 Yanvar 2026, 13:18

Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfəri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış konsepsiyasının nəticələrini praktik icra müstəvisində göstərən mühüm siyasi hadisədir. Bu səfər postmünaqişə dövrünə dair dövlət baxışının konkret layihələr, real nəticələr və ölçülə bilən göstəricilər üzərindən formalaşdırıldığını aydın şəkildə ortaya qoyur.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri dövlət siyasətinin əsas prioritetlərindən biri kimi Prezident İlham Əliyevin birbaşa tapşırıqları və şəxsi nəzarəti altında icra olunur. Qarabağ və Şərqi Zəngəzurda layihələrin yüksək icra intizamı ilə və qısa müddətdə reallaşdırılması məhz bu yanaşmanın nəticəsidir. Ağdərə və Tərtərə səfər zamanı görülən işlər prosesin planlı və sistemli xarakter daşıdığını bir daha təsdiqləyir.

Ağdərənin Baş planının hazırlanması bölgənin gələcək inkişafına dair uzunmüddətli və kompleks baxışın formalaşdığını göstərir. Şəhərin məskunlaşdırılacaq hissəsinin əvvəlkindən daha geniş ərazini əhatə etməsi, müasir Avropa şəhərsalma standartlarına uyğun infrastrukturun qurulması Böyük Qayıdış prosesinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu yanaşma işğaldan azad edilmiş ərazilərdə yalnız bərpa deyil, eyni zamanda yeni iqtisadi və sosial münasibətlər sisteminin yaradılmasını hədəfləyir.

Enerji təminatı postmünaqişə dövrü inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Ağdərədə “Qozlukörpü” Su Elektrik Stansiyasının istifadəyə verilməsi regionun enerji ehtiyaclarının yerli resurslar hesabına qarşılanmasına şərait yaradır və enerji müstəqilliyini gücləndirir. Bu kimi layihələr Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi enerji sisteminə dayanıqlı inteqrasiyasını təmin edir.

Sənaye potensialının bərpası və yeni istehsal sahələrinin yaradılması da həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir. Tərtərdə elektromexanika zavodunun yenidən fəaliyyətə başlaması, hərbi sənaye obyektlərinin bərpası və Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması Azərbaycanın müdafiə və təhlükəsizlik strategiyasının iqtisadi inkişafla paralel şəkildə həyata keçirildiyini göstərir. Milli təhlükəsizliyin etibarlı təminatı üçün daxili sənaye imkanlarının gücləndirilməsi strateji əhəmiyyət daşıyır.

Dövlət başçısının Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşü Böyük Qayıdışın ideoloji və siyasi mahiyyətini daha da aydınlaşdırır. Prezident İlham Əliyevin verdiyi mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və dövlət suverenliyini möhkəmləndirib. İnsanların dədə-baba torpaqlarına qayıdaraq burada təhlükəsiz, rahat və layiqli həyat şəraitində yaşamalarının təmin edilməsi bu reallığın aşkar təzahürüdür.

Eyni zamanda, bu görüşlərdə səslənən fikirlər Azərbaycanın azad edilmiş ərazilərdən regiona ünvanladığı sülh mesajının mahiyyətini də ortaya qoyur. Prezidentin bundan sonra müharibə olmayacağına dair qəti mövqeyi, Azərbaycanın güclü və dayanıqlı dövlət olduğunu vurğulaması həm regional sabitliyə çağırış, həm də vətəndaşlara ünvanlanan aydın təhlükəsizlik təminatıdır. Bu yanaşma göstərir ki, Azərbaycan postmünaqişə dövrünü yalnız bərpa və quruculuqla deyil, həm də sülh və sabitlik üzərində inşa edir.

Böyük Qayıdış prosesinin sosial-iqtisadi mahiyyəti Ağdərədə fəaliyyət göstərən “Dəmirli” Filiz Emalı Kompleksinin timsalında da aydın şəkildə görünür. Yeni iş yerlərinin yaradılması, doğma torpaqlarına qayıdan vətəndaşların istehsal proseslərinə cəlb olunması bu prosesin yalnız məskunlaşma ilə məhdudlaşmadığını, eyni zamanda iqtisadi inteqrasiya üzərində qurulduğunu göstərir.

Bu kontekstdə Ağdərənin Baş planının təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. Baş planda 20 illik perspektivdə 14 min nəfərlik əhali hədəfinin müəyyən edilməsi şəhərin uzunmüddətli və dinamik inkişafına hesablanmış strateji baxışın mövcudluğunu göstərir. Beləliklə, Ağdərə regional mərkəz funksiyasını daşıyan, iqtisadi və sosial baxımdan cəlbedici bir məkan kimi formalaşdırılır. Görülən və planlaşdırılan işlər Ağdərənin regional inkişafın mühüm dayaqlarından birinə çevrilməsinə möhkəm zəmin yaradır.

Bu günədək Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işlər Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin göstəricisidir. Tamamilə dağıdılmış ərazilərdə qısa bir müddətdə belə genişmiqyaslı quruculuq işlərinin aparılması beynəlxalq miqyasda nadir təcrübə kimi qiymətləndirilə bilər. Regionun Orta Dəhliz, Zəngəzur dəhlizi, yeni hava limanları, dəmir yolu və avtomobil magistralları vasitəsilə beynəlxalq nəqliyyat və kommunikasiya şəbəkəsinə inteqrasiyası Qarabağ və Şərqi Zəngəzurun geoiqtisadi və geostrateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin Ağdərə və Tərtərə səfəri postmünaqişə dövründə Azərbaycanın dayanıqlı inkişafına, sənaye potensialının gücləndirilməsi və milli təhlükəsizliyin etibarlı təminatına əsaslanan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu strateji yanaşma Qarabağ və Şərqi Zəngəzurun gələcəyini təmin edən əsas konsepsiya kimi çıxış edir və bütövlükdə ölkənin inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır