Modern.az

ABŞ-dən gələnlər Azərbaycandan gedənlərdən 150 dəfə çoxdur - MARAQLI

ABŞ-dən gələnlər Azərbaycandan gedənlərdən 150 dəfə çoxdur - MARAQLI

Aktual

15 Yanvar 2026, 16:44

Ötən gün ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandıracağını bildirib. Siyahıya həmçinin Azərbaycan da daxil edilib.

ABŞ-nin Azərbaycandakı səfirliyi isə bəyan edib ki, sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. Məlumata görə, ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.

Bu qərar fonunda ABŞ ilə Azərbaycan arasında mövcud olan turistik əlaqələrin inkişaf səviyyəsi və hər iki ölkə arasında turist mübadiləsinin hazırkı durumu da gündəmə gəlir.

Modern.az-a açıqlamasında hər iki ölkə arasındakı turistik əlaqələri şərh edən Skal Baku Turizm peşəkarları təşkilatının sədri Ceyhun Aşurov qeyd edib ki, Amerika Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırması ilə bağlı qərar fonunda, hazırda Amerika-Azərbaycan münasibətləri ümumilikdə müsbət dinamika nümayiş etdirir.

“Həm siyasi, eləcə də iqtisadi müstəvidə müəyyən irəliləyişlər müşahidə olunur və ABŞ Azərbaycanı regionda maraq dairəsində olan ölkələrdən biri kimi dəyərləndirir. Təbii ki, bu cür siyasi və iqtisadi münasibətlər qarşılıqlı səfərlərə də təsirsiz ötüşmür.

Ümumilikdə ABŞ turist qəbuluna görə dünyanın ilk 10 top ölkəsi sırasında yer almasa da, turizmdən əldə olunan gəlirlərə görə ən güclü göstəricilərə malik ölkələrdən biridir. Bunun əsas səbəbi Amerikaya səfər edən turistlərin xərcləmə səviyyəsinin yüksək olmasıdır. Məsələn, 2019-cu ildə ABŞ turizmdən 214 milyard dollardan çox gəlir əldə etmişdi. COVID-19 pandemiyası dövründə bu göstəricilər azalsa da, ABŞ turizmdən əldə olunan gəlirlərə görə qlobal liderliyini qoruyub saxlayan ölkə olaraq qalır”.

Mütəxəssisin sözlərinə görə, Amerikaya səfər edənlərin mühüm hissəsi sağlamlıq və tibbi turizm, təhsil, innovativ layihələr, startaplar və biznes məqsədləri ilə gedən şəxslərdir:

“Statistik məlumatlara əsasən, 2019-cu ildə, pandemiyadan öncə, ABŞ-dən Azərbaycana təxminən 19 minə yaxın şəxs səfər edib. 2020-ci ildə bu rəqəm kəskin azalsa da, 2022-ci ildən etibarən yenidən artım müşahidə olunmağa başlayıb. Belə ki, 2022-ci ildə ABŞ vətəndaşlarının Azərbaycana səfərlərinin sayı 12,3 min, 2023-cü ildə təxminən 17 min, 2024-cü ildə isə 23 minə yaxın olub.

Azərbaycandan ABŞ-a səfərlərlə bağlı statistik məlumatların dəqiqliyi tam aydın olmasa da, mövcud rəqəmlər azalma tendensiyasını göstərir. 2019-cu ildə Azərbaycandan ABŞ-ə təxminən 6 min nəfərin səfəri qeydə alınmışdı. 2020-ci ildə bu rəqəm təxminən 1 215 nəfərə düşüb. 2024-cü ildə cəmi 60, 2025-ci ildə isə təxminən 150 nəfərin ABŞ-a səfər etdiyi göstərilir. Bu da onu deməyə əsas verir ki, ABŞ-dən Azərbaycana gələnlərin sayı, Azərbaycandan ABŞ-a gedənlərdən xeyli çoxdur və bu səfərlərin böyük hissəsi əsasən rəsmi xarakter daşıyır”.

C.Aşurov əlavə edib ki, son illərdə Azərbaycandan ABŞ-ə təhsil, tibbi və biznes məqsədləri ilə gedənlərin sayında nisbi artım müşahidə olunur:

“Vizaların müvəqqəti dayandırılması, təbii ki, Azərbaycan üçün də müəyyən qədər təsir göstərə bilər. Lakin səfərlərin onsuz da məhdud sayda olması bu təsirin ciddi olacağını deməyə əsas vermir. Hesab edirəm ki, bu qərar ABŞ-Azərbaycan münasibətlərində hər hansı gərginlik və ya narahatlıq yaratmayacaq.

Qərarın əsas səbəbi kimi maliyyə məsələləri və immiqrasiya ilə bağlı amillər göstərilir. Azərbaycandan ABŞ-ə gedən vətəndaşların sayı az olduğundan, bu qərar turistik səfərlərə yalnız məhdud təsir göstərə bilər. Ümumilikdə isə ABŞ Azərbaycan vətəndaşları üçün ən çox səfər edilən ölkələr siyahısında yer almır”.

Turizm mütəxəssisi vurğulayıb ki, immiqirasiya vizasının dayandırılmasında əsas məqsəd ABŞ-nin miqrantlar kifayət qədər, daha çox müavinət alması ilə əsaslandırılır ki, məsələ ilə bağlı tam aydınlıq yaradıldıqdan sonra viza müraciətlərinin qəbulu yenidən bərpa ediləcək. Onun fikrincə, qlobal miqyasda mövcud gərginliklər fonunda qərarın təhlükəsizlik məqsədi daşıması ehtimalı da istisna edilmir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandırır. Qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi hələlik açıqlanmayıb. Qərar Azərbaycanla yanaşı, Rusiyadan İrana, Braziliyadan Somaliyə qədər geniş coğrafiyanı əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır