Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, Kollegiyanın inzibati binasında təşkil olunan görüş zamanı son illərvəkillik institutunun gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər barədə danışılıb.
Anar Bağırov bildirib ki, hazırda Kollegiyada 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir. Bu göstərici vəkillik institutuna marağın artdığını və gənc hüquqşünasların peşəyə inteqrasiyasının genişləndiyini nümayiş etdirir.
Sədr vurğulayıb ki, hüquqi dövlət quruculuğu, hüquq sisteminin möhkəmləndirilməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi və məsuliyyətli missiya daşıyırlar. Bu baxımdan yüksək bilik səviyyəsinə malik, məsuliyyətli və peşə etikası qaydalarına sadiq hüquqşünasların hazırlanması hər zaman prioritet istiqamət olaraq qalır.
Anar Bağırov qeyd edib ki, Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına xüsusi önəm verir və onların real təcrübə mühitinə inteqrasiyası üçün zəruri şərait yaradır. Həmçinin sədr gənc hüquqşünasları fəal olmağa, təcrübəli vəkillərlə sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını daim təkmilləşdirməyə çağırıb.
Eyni zamanda sədr “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərə toxunaraq, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının üç ildən bir ilədək azaldıldığını diqqətə çatdırıb. Bununla yanaşı, VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarına əsasən vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışan Anar Bağırov bildirilib ki, bu addımlar gənclərin vəkillik peşəsinə marağının artmasına, onların peşəkar inkişafı və gələcək karyera planlaması üçün daha əlverişli imkanların yaradılmasına xidmət edir.
Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.