Modern.az

"Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabının təqdimatı

"Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabının təqdimatı

Aktual

16 Yanvar 2026, 15:10

Yanvarın 16-da Sosial Tədqiqatlar Mərkəzində bu qurumun təşkilatçılığı ilə "Tarixi Yurda Qayıdış" konfransı çərçivəsində hazırlanan "Qərbi Azərbaycan sənəd və mənbələrdə" elektron kitabının təqdimat mərasimi baş tutub.

Modern.az xəbər verir ki, kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun "Əzəli yurd" layihəsi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində ərsəyə gətirilib.

Elmi tədqiqat əsərində Qərbi Azərbaycanda soydaşlarımızın tarixi dövrlərə görə məskunlaşması, İrəvan xanlığının yaranması, onun ictimai-siyasi vəziyyəti, mədəni mühiti, həyata keçirilən islahatlar, inzibati bölgü və idarəetmə quruluşuna dair faktlar əksini tapır.

Kitabda həmçinin birinci və ikinci Rusiya-İran müharibələri, Türkmənçay və Ədirnə sülh müqavilələrinin Qərbi Azərbaycanın demoqrafik və siyasi vəziyyətinə təsiri, ermənilərin Qərbi Azərbaycana köçürülməsi, erməni vilayətinin yaradılması və çar Rusiyası dövründə aparılan erməniləşdirmə siyasəti təhlil edilib.

Azərbaycanlıların deportasiyası, daşnak hakimiyyəti dövründə mədəni mühit və maddi-mədəni irsin mənimsənilməsi, toponimlərin dəyişdirilməsi kimi məsələlər də tədqiqatda yer alır.

Müəllif tarixi sənədlər və arxiv materiallarına əsaslanaraq Qərbi Azərbaycanın qədim dövrdən müasir mərhələyə qədər olan etnik, siyasi və mədəni proseslərini təqdim edir, erməniləşdirmə siyasətinin köklərini elmi əsaslarla izah edir və azərbaycanlıların bölgədəki varlığını sənədlərlə təsdiqləyir.

Kitab tarixi yaddaşın bərpası, milli kimliyin qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və Qərbi Azərbaycan ideyasının elmi-ideoloji əsaslarını formalaşdıran dəyərli mənbədir.

Tədbirə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları qatılıblar.

Toplantını giriş sözü ilə açan MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın müəllifi Əfqan Vəliyevə uğurlar arzulayaraq, "Əzəli yurd" layihəsinin ərsəyə gəlməsindən bəhs edib.

Sonra Millət vəkili Ceyhun Məmmədovun, Əfqan Vəliyevin, Bakı Avrasiya Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Elmira Məmmədovanın çıxışları dinlənilib.

Tədbir çərçivəsində İrəvan şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Tacir Qurbanov və digərləri çıxış edərək MİMTA Fonduna və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, oxucular "Qərbi Azərbaycan sənəd və mənbələrdə" kitabının elektron versiyasını internet resurslarından əldə edə bilərlər.

Qərbi Azərbaycan sənəd və mənbələrdə elektron kitabının təqdimat mərasimi keçirildi

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır