Modern.az

Süni intellektin beş paradoksu: nədən qorxmamalıyıq?

Süni intellektin beş paradoksu: nədən qorxmamalıyıq?

Aktual

19 Yanvar 2026, 10:04

Əgər 2025-ci il süni intellekt (SI) ətrafında böyük hay-küyün ili idisə, 2026-cı il onun inkişafında dönüş nöqtəsi ola bilər. Söhbət təkcə tez-tez müzakirə olunan “SI köpüyü” ehtimalından, SI infrastrukturu üçün görünməmiş xərclərdən və bu yarışda geridə qalmamaq istəyən ölkələrin və şirkətlərin borclarının artmasından getmir. Bütün ajiotaja baxmayaraq, SI-ni tətbiq etmək və bu sahədə liderlik uğrunda yarışda irəliləmək 2026-cı il üçün də demək olar ki, hamı tərəfindən qəbul olunan prioritet olaraq qalacaq.

Amma SI geniş yayıldıqca bir sıra ziddiyyətlər və paradokslar ortaya çıxır – bunlar bəzən texnologiyanın özündən çox, onu tətbiq edən və istifadə edən insanlarla bağlıdır. Fikrimcə, bir çox hallarda qeyri-dəqiq və ya doğru olmayan izahlar mövcuddur. Bu yazıda 5 belə paradoksdan bəhs edəcəyik.

PARADOKS 1: SI insanların əlindən iş yerlərini alacaq, yoxsa yenilərini yaradacaq?

Bu doğrudur ki, SI həm rutin, həm də qeyri-rutin iş tapşırıqlarını avtomatlaşdırır. Ancaq bunun məşğulluğa real təsiri hələ də tam aydın deyil.

Bir tərəfdən hesablamalar göstərir ki, avtomatlaşdırma iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq iş yerlərinin 0,4%-dən 5,5%-dək azalmasına səbəb ola bilər. Üstəlik, mövcud SI texnologiyaları bütöv iqtisadiyyat miqyasında daha çox insan əməyini əvəz etməyə meyllidir, nəinki yeni imkanlar yaratmağa. Texnoloji inkişafın ön xəttində olan IT şirkətlərinin artıq kütləvi ixtisarlar etməsi də bunu gücləndirir.

Digər tərəfdən, təcrübə göstərir ki, SI peşələri deyil, daha çox TAPŞIRIQları məhv edir və eyni anda yeni tapşırıqlar yaradır. Dünya İqtisadi Forumunun (WEF) 2024-cü ildə 1000-dən çox aparıcı qlobal işəgötürən arasında keçirdiyi sorğuya əsasən, 2025–2030 dövründə 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə ixtisar olunacağı gözlənir. Yəni nəticədə xalis artım 78 milyon iş yeri ola bilər. Sorğuda iştirak edənlərin üçdə ikisi SI bacarıqları olan mütəxəssisləri işə götürməyi planlaşdırır, 40% isə avtomatlaşdırıla bilən sahələrdə ştatın azaldılacağını düşünür.

WEF-in proqnozuna görə, mövcud bacarıqların təxminən 40%-i yaxın beş ildə dəyişəcək. Başqa tədqiqatlar da göstərir ki, bəzi peşələrdə tapşırıqlar getdikcə avtomatlaşdırılır, digər peşələrdə isə ünsiyyət və yaradıcılıq tələb edən yeni, daha mürəkkəb tapşırıqlar yaranır. Bu fonda səhiyyə, təhsil, nəqliyyat, tikinti və sosial təminat kimi sahələrdə işçi tələbi artır. Maraqlısı odur ki, iqtisadiyyat rəqəmsallaşdıqca İNSANA YÖNƏLİK bacarıqlara ehtiyac azalmır, əksinə arta bilər.

Yekunda bu, ümumi məşğulluğun kəskin azalmasına deyil, daha çox işçi qüvvəsinin yenidən bölüşdürülməsinə gətirib çıxaracaqdır. Əsas risk kütləvi işsizlik (çox güman ki, olmayacaq) yox, yenidən təlim, peşə dəyişimi və sosial adaptasiya ehtiyacıdır. Yəni gələcəyin məşğulluğu texnologiyadan çox, cəmiyyətin – dövlətin, biznesin, təhsil sisteminin – bu dəyişikliklərə necə hazırlaşmasından asılıdır.

PARADOKS 2: SI məhsuldarlığı artırır, yoxsa əksinə?

SI-nin sürətli tətbiqi, sanki, məhsuldarlığı da eyni sürətlə artırmalıdır. Amma statistikalarda məhsuldarlıq artımında SI-nin təsiri açıq görünmür; hətta MIT Sloan-ın məlumatlarına görə, şirkətlərdə SI tətbiqinin ilk mərhələsində müvəqqəti məhsuldarlıq enişi də ola bilər.

Bu “məhsuldarlıq paradoksu” kimi tanınır. Yeni texnologiyaların məhsuldarlığa təsiri bəzən J hərfinə bənzər qrafik yaradır: əvvəl eniş, sonra uzunmüddətli yüksəliş. Çünki SI sadəcə elektrikə taxıb işlətmək deyil: tətbiq üçün sistemli dəyişikliklər lazımdır və bu proses gündəlik iş axınını bir müddət ləngidə bilər.

Məsələn, köhnə idarəetmə sistemlərindən yenisinə keçid işçilərin bilik yaratma və paylaşma mexanizmlərini poza bilər, nəticədə təşkilati kapital (biznes-proseslər, idarəetmə, planlama) zəifləyə bilər. Üstəlik, istehsal proseslərinin yenidən qurulması, SI-ni öyrətmək üçün yetərli məlumatın olmaması, müəssisə daxilində SI ekspertizasının çatışmazlığı kimi problemlər də var. Bunların hamısı müvəqqəti səmərəsizlik, fasilələr və ümumi məhsuldarlıq enişi yarada bilər. Xüsusilə köhnə və iri müəssisələrdə bu təsir daha güclü olacaq.

McKinsey-in məlumatına görə, 2025-ə qədər son üç ildə sorğuda iştirak edən şirkətlərin 10-dan 9-u SI alətlərindən istifadə etməyə başlayıb. Amma onların böyük hissəsi SI-ni iş proseslərinə hələ o qədər “dərin” inteqrasiya etməyib ki, nəticə dərhal statistikada görünsün.

Bununla belə, bir neçə ilin üfiqində mənzərə dəyişir. Daha tez tətbiq edən şirkətləri iki dövrdə (2012–2017 və 2017–2021) izləyən tədqiqat göstərir ki, SI-ni 2017-yə qədər tətbiq edənlər əvvəl məhsuldarlıq enişi yaşasalar da, sonradan SI tətbiq etməyən oxşar şirkətləri həm əmək məhsuldarlığında, həm də ümumi faktor məhsuldarlığında, həmçinin yeni məhsul inkişafı və bazar payının genişlənməsində üstələməyə başlayırlar.

PARADOKS 3: Sİ insanın yaratdığı məzmunun dəyərini artıracaq?

Generativ SI artıq elə mətnlər yaradır ki, onları insan yazısından ayırmaq çox çətindir; video, səs və fotolar da inanılmaz dərəcədə real görünür. Bəzi qiymətləndirmələrə görə, internetdə SI-kontentin miqdarı artıq insanın yaratdığı kontenti keçib. Yəni internet getdikcə daha çox SI məhsuluna bənzəyir. 2025-ci ilin aprelində yaradılmış 900 min yeni veb-səhifəni analiz edən bir araşdırma göstərib ki, onların təxminən 75%-i SI-nin iştirakı ilə hazırlanıb – bu artıq normaya çevrilir.

Bu, ən yaxşı halda, internetdə şəxsiyyətsiz kütləvi SI-kontentin, yəni SI-şlakının çoxalmasına gətirib çıxarda bilər. Daha pis ssenaridə isə saxta xəbərlər, dezinformasiya, psevdo elmi məqalələr yayılır və ümumilikdə doğru ilə yalanın sərhədi silinə bilər. Məsələn, bəzi qiymətləndirmələrə görə, 2023–2025-də platformalarda deepfake-lərin sayı 16 dəfə artaraq 8 milyona çatıb. WEF-in 2025-ci il qlobal ekspert sorğusunda dezinformasiya mövcud qlobal risklər arasında 4-cü, yaxın iki il üçün risklər arasında isə 1-ci yerdə göstərilir.

Feyklərin artması və həqiqətlə uydurmanı ayırmağın çətinləşməsi insanlarda hər şey saxtadır hissi yarada bilər. Amma paradoks budur ki, bu proses eyni zamanda şəffaf, dəqiq, məsuliyyətli və etibarlı mənbələrdən gələn məlumatın dəyərini artıra bilər. WEF-in rəqəmsal təhlükəsizlik hesabatında vurğulanır: internetdə etibar öz-özünə yaranmır, onu qazanmaq və möhkəmləndirmək lazımdır. Deməli, insan iştirakını, məsuliyyəti və mənbə şəffaflığını göstərən aydın autentiklik nişanları etibarlı informasiyanın seçilib fərqlənməsinə kömək edə bilər.

“SI nəsli”

ABŞ üzrə bir araşdırmaya görə, gənc “zumer”lərin (Sİ nəsli) təxminən yarısı generativ SI-dən həftəlik istifadə edir. Onlar bir tərəfdən bu texnologiyadan heyranlıq duyur (36%), digər tərəfdən ciddi narahatlıq keçirir (41%). Narahatlıq ondadır ki, SI-nin verdiyi imkanlarla onun məktəblər və işəgötürənlər tərəfindən necə qiymətləndirilməsi arasında ziddiyyət var.

Bir tərəfdən, SI-dən istifadə bəzi hallarda idrak bacarıqlarına mənfi təsir göstərə bilər. Digər tərəfdən, iş bazarı gənclərdən başlanğıcdan rəqəmsal savad tələb edir, amma gənclər üçün start rolu olan bir çox ilkin mövqelər avtomatlaşdırılır. Bu, gənclərin işə düzəlmə perspektivlərini çətinləşdirə bilər. Üstəlik, bir çox zumer SI-yə
psixoloq kimi müraciət edir – duyğularını anlamaq və çıxış yolu tapmaq üçün – və bu, həmişə onların xeyrinə olmur.

PARADOKS 4: Süni İntellekt öz enerji problemini özü həll edə biləcəkmi?

SI elektrik enerjisi olmadan mövcud ola bilməz. Beynəlxalq Enerji Agentliyinin (BEA) 2024-cü il məlumatına görə, data mərkəzləri hələlik dünyada elektrik istehlakının nisbətən kiçik hissəsini – təxminən 1,5%-ni təşkil edir. Amma 2017-dən bəri onların enerji istehlakı ildə orta hesabla 12% artır ki, bu da ümumi enerji istehlakının artım tempini dörd dəfədən çox üstələyir.

Böyük bir data mərkəzi təxminən 100 min ev təsərrüfatı qədər enerji tələb edə bilir; tikilməkdə olan ən böyük mərkəzlər isə bundan 20 dəfə çox enerji istehlak edəcək. Belə mərkəzlərin sayı da artacaq: 2022–2024-də data mərkəzlərinə investisiyalar ikiqat artaraq 0,5 trilyon dollar olub. BEA hesab edir ki, növbəti beş ildə data mərkəzlərinin enerji tələbatı ikiqat, daha beş ildən sonra – 2035-ə doğru – üçqat arta bilər.

Amma eyni zamanda SI enerji sektorunu transformasiya etmək potensialına malikdir. Onun inkişafı texno-nəhənglərin təmiz enerjiyə investisiyalarını stimullaşdırır. Amazon, Google, Microsoft kimi şirkətlər birlikdə bərpa olunan enerji üzrə korporativ alışların təxminən üçdə birini edir və bu sahədə investisiya portfellərini genişləndirirlər. Məsələn, Google-un uzunmüddətli məqsədi 24/7karbon-sıfır enerji ilə işləməkdir. Yəni SI inkişafı enerjidə ikiqat təsir yaradır: həm tələbi artırır, həm də (adətən bərpa olunan mənbələr hesabına) təklifi genişləndirir. Bu kontekstdə Azərbaycanın yaşıl enerji istehsalı və ixracına qoyduğu investisiyalar xüsusi əhəmiyyət daşıyır.

Bundan əlavə, SI enerjidə sistem analitiki rolunu oynaya bilər: tələbin proqnozlaşdırılması və çevik idarə edilməsi, şəbəkənin balanslanması, yüklənmələrin qarşısının alınması, binalarda enerji səmərəliliyinin optimallaşdırılması və hətta qlobal istixana qazı emissiyalarının 2030-a qədər 10%-ə qədər azaldılmasına kömək kimi. BEA ekspertləri bunu müasir dövrün ən mühüm texnoloji inqilablarından birinin mərkəzinə enerji sektorunu gətirən faktor kimi qiymətləndirirlər.

Ancaq hazırda enerji sahəsində SI daha çox özünü təmin etməyə işləyir və transformasiyaedici rolu hələlik imkan olaraq qalır. Bunun reallaşması üçün data mərkəzi layihələrinin ümumi enerji infrastrukturu ilə inteqrasiyası və texno-nəhənglərin SI investisiyalarının regional enerji dayanıqlığı təşəbbüsləri ilə uzlaşdırılması lazımdır.

PARADOKS 5: Avtonom SI öz avtonomluğunun sərhədlərinə əməl edə biləcəkmi?

SI-nin yeni mərhələsi Sİ agentidir: bu sistemlər təkcə məlumat yaratmır, həm də hərəkət edir. Onlar plan qura, insan iştirakı olmadan qərar verə və həm rəqəmsal, həm də fiziki mühitdə avtonom fəaliyyət göstərə bilirlər.

Generativ SI əsasən mətnlər üzərində öyrənirsə, SI agenti real dünyanın məlumat və qanunauyğunluqları üzərində öyrənir. Məsələn, sənaye agenti təzyiq, hərəkət, cazibə kimi göstəricilərdən öyrənə bilər. Sensor məlumatlarını, modelləşdirməni və ekspert biliklərini birləşdirərək turbinlərin aşınmasını proqnozlaşdıra və ya qitələrarası aviareys cədvəllərini optimallaşdıra bilər.

Bir tərəfdən, bu, SI-ni passiv alətdən aktiv köməkçiyə çevirir. Digər tərəfdən, SI-yə bu qədər səlahiyyət vermək risklər yaradır. Eksperimentlər göstərir ki, SI agentləri insan nəzarəti olmadan aldatma, şantaj, korporativ casusluq, zərərli insayder davranışı kimi addımlara gedə və hətta insanların təhlükəsizliyi üçün risk yarada bilər. Hətta bəzən qadağalara baxmayaraq öz üzərində nəzarəti söndürməyə cəhd edə bilər. Yəni agentlərin gizli niyyətlər formalaşdırması və etik prinsipləri gözardı etməsi ehtimalı var – hətta onlara etik çərçivələr öyrədilsə belə.

Bu mərhələdə əsas sual yeni imkanlar deyil, real hakimiyyətin və məsuliyyətin kimdə olacağıdır. SI agenti heç vaxt insan mühakiməsini əvəz etməməlidir; yoxsa etikadan çox səmərəliliyə, dəyərlərdən çox nəticəyə üstünlük verə bilər.

SI artıq diaqnostikadan tutmuş müqavilə analizinə qədər bir çox ixtisas sahəsində insanları üstələməyə başlayır. Məsələ SI-nin bu tapşırıqları götürməli olub-olmaması deyil. Məsələ odur ki, SI bu tapşırıqları götürəndə insanlar strateji nəzarəti necə qoruyacaq. Məsəlın, həkim SI-nin şəkillərdə ən xırda anomaliyanı tapmasına güvənə bilər, amma diaqnozu empatiya və sağlam mühakimə ilə insan qoymalıdır. Hüquqşünas SI-yə minlərlə səhifə sübutu analiz etdirməyə və arqument qurmağa icazə verə bilər, amma ədalət, kontekst və niyyəti qiymətləndirmək yenə də insanın işidir. Agentlərin nəzarətsiz istifadəsi onların xidmət etməli olduğu sistemləri belə sarsıda bilər.

SI agentləri bəşəriyyətə görünməmiş imkanlar verəcək: rəqəmsal sürətlə və planet miqyasında hərəkət etmək gücü. Amma bu gücə məna verən yalnız insanın məqsədidir. Hesab edirik ki, gələcək alqoritmlər tərəfindən deyil, onlara məqsəd və çərçivə verən insanlar tərəfindən formalaşdırılmalıdır.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır