Modern.az

Azərbaycan xalqının həyatında dönüş mərhələsi

Azərbaycan xalqının həyatında dönüş mərhələsi

Aktual

19 Yanvar 2026, 11:40

“36 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinin yalnız faciəli, kədərli deyil, eyni zamanda, qəhrəmanlıq, rəşadət səhifəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirərək  bildirmişdir ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Ulu Öndərin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Azərbaycan xalqı daim yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirir. 1990-cı ilin 19-20 Yanvar tarixlərində Azərbaycan xalqının nümayiş etdirdiyi qətiyyət  bunun təsdiqi oldu. Bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini  qıra bilməz. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar faciəsinin baş verməsindən ötən 36 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Həm ölkə daxilində, həm də ölkə xaricində  soydaşlarımızın faciənin ildönümləri  ilə əlaqədar  keçirdiyi tədbirlərdə bir daha bu reallıq diqqətə çadırılır ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, faciənin ertəsi günü, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi: “Bu hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ümummilli Lider  faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirdi.  Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ulu Öndər Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı”.

Malik Həsənov onu da vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi: “Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ümummilli Liderin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Belə ki, 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə bildirmişdir ki, xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər. 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin Qərarında bildirilib ki, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Millət vəkili bu reallığı bir daha bildirib ki, 20 Yanvar faciəsi  xalqımızın  azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı: “Azərbaycan  1991-ci ilin 18 oktyabr tarixində  dövlət müstəqilliyini  bərpa etdi. Müstəqilliyimizin  bərpasının ilk illəri tariximizin qara səhifəsi kimi vərəqlənir. O çətin günlərdə xalq öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ökəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan bütün təhlükələrdən xilas oldu, yeni inkişaf dövrü başladı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz oldu. Ümummilli Lider bu fikri xüsusi qeyd etmişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Dahi şəxsiyyətin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ümummilli Lider  Heydər Əliyev bir daha göstərdi ki, ən ağır böhran vəziyyətindən çıxış yolu var. O da cəsarətdir, düşünülmüş müstəqil siyasət və addımlardır”.

Malik Həsənov  qeyd edib ki, Azərbaycan son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı uğurlara, zəfərlərə imza atır: “Artıq beş ildir ki, tarixi Zəfərimizin sevincini yaşayırıq. 2023-cü ilin sentyabrında isə suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır, bərpa-quruculuq mərhələsini yaşayır. Bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Bu gün  ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları  şaddır. Azərbaycan  mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır