Cənubi Kipr Rum İdarəsinin Serbiyadan əldə etdiyi son texnoloji silah sistemləri ilə silahlanma prosesini sürətləndirməsi Şərqi Aralıq dənizində təhlükəsizlik balanslarını yenidən gündəmə gətirib. Bu proses fonunda Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) mətbuatı Azərbaycanın müdafiə sənayesində təqdim etdiyi yeni lazer silahını diqqət mərkəzinə çəkib.
KKTC mediasında yer alan xəbərlərdə və analitik yazılarda, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan və ictimaiyyətə təqdim edilən “Magic Beam” lazer silahının xüsusilə anti-dron və strateji obyektlərin mühafizəsi baxımından mühüm üstünlüklər yaratdığı vurğulanır. Müzakirələrin əsas sualı isə açıq şəkildə ortaya qoyulur:
“Cənubi Kipr silahlanarkən, KKTC Azərbaycan’dan lazer silahı satın almalıdırmı?”
Qeyd olunur ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə bağlı AzerSilah və özəl şirkətlər tərəfindən inkişaf etdirilən lazer əsaslı müdafiə sistemləri müasir döyüş konsepsiyalarında aşağı xərcli və yüksək texnoloji həllər kimi qiymətləndirilir. KKTC mətbuatı bu texnologiyaların dost və qardaş ölkə Azərbaycan vasitəsilə əldə edilməsinin Şimali Kiprin müdafiə imkanlarını gücləndirə biləcəyini qeyd edir.
Analitik yazılarda Azərbaycanın son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin təkcə milli təhlükəsizlik deyil, eyni zamanda Türk dünyası çərçivəsində ortaq təhlükəsizlik baxışı baxımından da əhəmiyyətli olduğu vurğulanır. Bu kontekstdə Azərbaycan istehsalı lazer silahlarının KKTC üçün mümkün strateji rolunun yaxın dövrdə daha geniş müzakirə mövzusuna çevriləcəyi bildirilir.
Cənubi Kiprin hərbi istiqamətdə atdığı addımlar fonunda KKTC-də başlayan bu müzakirə, Azərbaycanın müdafiə sənayesinin regional səviyyədə artan təsirini bir daha ön plana çıxarıb.
Serdar Şengül