Modern.az

20 Yanvar qan yaddaşımızdır - FOTOLAR

20 Yanvar qan yaddaşımızdır - FOTOLAR

Aktual

19 Yanvar 2026, 13:34

Gəncə Dövlət Universitetində (GDU) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Modern.az xəbər verir ki, anım tədbirindən öncə Universitetin rektoru Yusif Yusibov və professor-müəllim heyəti 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri və kitablardan ibarət  stendə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək 1990-cı ildə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb. Bildirib ki, 36 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna sovet ordu birləşmələri yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir.  Xalqımız böyük faciə ilə üzləşsə də Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya nümayiş etdirib.

 GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsidir. O ağır günlərdə Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Pərvin Kərimzadə şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqaməmində həyata keçirilən tədbirlərdən və onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açıb.

GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 36 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.

 Daha sonra Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Sovet imperiyasının törətdiyi qanlı faciə”, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova “Qan yaddaşımız 20 yanvar”,  Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Qırmızı Ordunun törətdiyi Qara Yanvar”, Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova “Qəhrəmanlıq və iftixar tariximiz”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev  “20 Yanvar və milli birlik” adlı məruzələrlə çıxış ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı