Urfada, Cənub Şərqi Anadoluda ezamiyyətdə idim. Tarixi Mesopotamiya bölgəsinin Fərat və Dəclə çayları hövzəsində yerləşən Türkiyənin nəhəng GAP layihəsi haqda film çəkirdik. 1997-nin fevral-mart aylarıydı. Eyni tarixlərdə İbrahim Tatlıses də Urfada, doğulub böyüdüyü məmləkətində “Fırat” adlı serialın çəkilişinə başlamışdı. İbrahim bəylə yaxşı münasibətim vardı…
Urfada olduğumuzu eşidib xəbər göndərərək bizi – məni və operatorum Humay Vəliyevi çəkiliş meydançasına dəvət etdi. Səs-küyə səbəb olmuş populyar bir dizi idi “Fırat”. Öyünmək istəyirdi yəqin bir az… Gəldik, seti çəkdik, müsahibə də götürdüm məşhur sənətçidən. Axşam məni sıra gecəsinə dəvət etdi.
Sıra gecələri uzun havalarla, türkülərin – xalq mahnılarının oxunduğu, elə oradaca yoğrulan çiy köftəli ziyafətin verildiyi bir ənənədir. Adətə görə hamı bardaş quraraq yerdə oturur. Gecənin bir saatında israrlara dayana bilməyən İbrahim Tatlıses mikrofonu aldı, ayağa qalxmadan o günə qədər heç eşitmədiyim, amma ömrü boyu unuda bilməyəcəyim bir türkü oxudu: “Kınıfır bedreng olur”.
O türkü məni çox duyğulandirdı. Kınıfırın nə olduğunu bilmirdim. İbrahim bəydən soruşdum, “Urfada qərənfilə kınıfır deyirlər”, – cavab verdi…
"Kınıfır bedreng olur" türküsü sıravi bir bir folklor parçası deyil. Sözlərindəki “bedreng” əslində “be reng”dir, mənası da “rəngsiz, solğun” deməkdir. Yəni "Kınıfır bedreng olur" ifadəsi “Qərənfil rəngsiz olur” və ya daha məcazi mənada “Sevgi olmayanda qərənfil solur” anlamına gəlir. Diri ikən qərənfil canlı, parlaq və qırmızıdır. Solmağa başlayınca rəngi qaralır, tündləşir, yəni bədrəng olur. Buradakı “bedreng” sözü əsla çirkinlik anlamında deyil, “qaralmaq”, “xəstə kimi solmaq” mənasında istifadə olunur…
O unudulmaz sıra gecəsindən bir neçə gün sonra Ankaraya qayıtdıq. Filmin ssenarisini bitirməli idim ki, montaja başlayım. Amma içindəki qarğışı ilə ürək parçalayan o Urfa türküsü ağlımdan çıxmırdı ki, çıxmırdı:
Kınıfır bedreng olur,
Aşka düşen denk olur.
İsterem başıya gele,
Göresen ne renk olur...
20 yanvar işğalının acısı hələ çox təzə idi, cəmi yeddi il keçmişdi…
Qərənfil mənə işğalı xatırladırdı zatən,
1-ci mikrorayonun başında yaşadıqlarımızı,
Tiflis prospekti ilə Suvorov küçəsinin kəsişdiyi yerdəki güllə-boranı,
bir təsadüf nəticəsində həyatda qalmağımızı...
Qonşularım Gəray və Əyyub gəlirlər gözümün önümə;
sinəsindən vurulmuş naməlum qəhrəmanı belimizə alıb onaltımərtəbənin həyətində dayanmış təcili yardım maşınına daşımağım düşür yadıma,
tibb bacısının o yaralıya yardım etmək yerinə onun üzündəki soyuq təri əllləri ilə silə-silə lay-lay deməsi...
Qərənfil mənim üçün qanı çağrışdırır, şəhidlərimizin qanını…
O türküdən sonra isə qərənfilin bəd rəngli olduğunu xatırladır…
Üstündən neçə illər keçsə də ,hər il 20 yanvar tarixi yaxınlaşnda, kınıfırın bed rengi düşür yenə yadıma… və o gecə dəqiqə-dəqiqə xəyalımda canlanır. Sovetə, onun Qızıl Ordusuna, Qorbaçova olan nifrətim daha da artır. Və içimə pərçimlənmiş o Urfa türküsü ilə Qəhrəmanlıq dastanımızı dərin bir hüzünlə yad edirəm.
Zorla qurulan bənzətmə yoxdur bu cümlələrimdə, çünki onlar eyni mədəni-emosional xəttin iki fərqli yaddaş qatından süzülmüşdür. “Kınıfır bedreng olur” deyəndə çalarlarını itirən həyatın özü nəzərdə tutulur. Sevgi, ədalət, insanlıq öləndə çiçək də mənasını itirir. Qərənfil də burada canlılığın, ləyaqətin, təmizliyin ölçüsüdür.
20 Yanvarda Bakıda qərənfil də eyni taleyi yaşayır illərdir. O gün qərənfillər həyatın davamı üçün, ölkəmizin sabahı, müstəqilliyimiz, ölümdən sonra qalan ləyaqət üçün yerlərə düzülmüşdü.
Urfa türküsündə qərənfil rəngsizləşir, çünki sevgi yara alır,
20 Yanvarda qərənfil qırmızıdır, çünki qan tökülüb.
Nəticə eynidir – biri tərk edilmişliyin, digəri zorakılığın kulminasıyasıdır.
Qərənfil hər ikisinin lal-dinməz şahididir.
Urfa türküsü ilə 20 Yanvar arasındakı bağ da elə burdadır: qərənfil sevgi olmayanda da solur,
qan töküləndə də…"İsterem başıya gele, göresen ne renk olur"…
//t.me/ibrahim_nebioglu