Hər il 20 Yanvar tarixində mülayim iqlimi ilə seçilən Bakıda hava şəraitinin kəskin dəyişməsi, tez-tez qar və yağışın yağması, şaxtalı küləklərin əsməsi cəmiyyətdə tez-tez müzakirə mövzusuna çevrilir. Bu gün də Bakıda hava 0-3 dərəcə arasında dəyişir.
Ötən illərdə də 20 yanvar günü Bakıda hava soyuq, şaxtalı keçib, havanın minimal temperaturu -5 dərəcə ilə 7 dərəcə arasında dəyişib, şaxta olub. Havanın faciə günü hər dəfə sərt, soyuq keçməsini faciənin mənəvi ağırlığı ilə əlaqələndirənlər də az deyil.
Modern.az-a məsələylə əlaqədar açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov bildirib ki, ilin müəyyən spesifik günlərində havanın bu cür keçməsi xüsusi və ya fövqəladə bir hal deyil.
Onun sözlərinə görə, 20 Yanvar qış fəslinə təsadüf etdiyindən bu dövrdə havanın soyuq olması tamamilə təbiidir:
“Çünki yanvar ilin ən soyuq ayı hesab olunur. Nəzərə almaq lazımdır ki, il 12 aydan ibarətdir. Yanvar qışın, iyul isə yayın ən sərt, yəni ən soyuq və ən isti dövrlərini əhatə edir. Bu baxımdan, yanvar qışın, iyul isə yayın ortasına düşür və hava şəraiti də məhz bu mövsümi xüsusiyyətlərə uyğun formalaşır”,- deyə R.Abbasov qeyd edib.
İlahiyyatçıların da bu məsələyə yanaşması diqqətçəkəndir. İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov saytımıza bildirib ki, 20 Yanvar günlərində havanın pisləşməsinin ilahiyyat və dini baxımdan birbaşa əlaqələndirilməsi doğru deyil. Onun sözlərinə görə, şəhid anlayışı İslamda xüsusi məna daşıyır:
“Şəhidlər zatən həqiqətin şahidləridir. ‘Şəhid’ sözünün özü də şahid olmaq mənasını verir. Biz məsələyə real din çərçivəsindən, həqiqət prizmasından baxmalıyıq”.
Əhməd Niyazov qeyd edib ki, həmin günlərdə hava şəraitinin sərt keçməsi mənəvi baxımdan insanlara təsir göstərə bilər və bəziləri bunu ilahi bir işarə kimi də dəyərləndirə bilər. Lakin bunun şəhidlərin haqq yolunda şəhadəti ilə birbaşa əlaqələndirilməsi ilahiyyat baxımından əsaslı deyil:
“Bunu ilahi bir lütf kimi qəbul edənlər ola bilər. Amma havanın belə olması ilə şəhidləri birbaşa əlaqələndirmək doğru olmaz. Mən belə düşünürəm. Xalqın anım günlərində şəhidlərimizi xatırlaması dinin ruhuna tam uyğundur. İslam dini və mənəviyyat bunu tələb edir. Bu, Allahın muradı ilə üst-üstə düşən bir haldır”.
Əhməd Niyazov əlavə edib ki, İslamda şəhidlərə çox yüksək dəyər verilir və onların unudulmaması böyük mənəvi məsuliyyətdir.
Mövzu ilə bağlı fikirlərini bölüşən QMİ-nin Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib ki, şəhidlərə olan sevgi və ehtiram heç bir hava şəraiti ilə ölçülə bilməz:
“Şəhidlik məqamı Allah qatında ən uca məqamlardandır. Onları yad etmək, anım günlərində ziyarət etmək möminin qəlbində iman və vəfa hissini daha da möhkəmləndirir. Bu yolda çəkilən hər bir çətinlik savaba çevrilir”.
Hacı Surxay Məmmədli qeyd edib ki, 20 Yanvar kimi günlər xalqın öz şəhidlərinə olan sədaqətinin, milli və dini yaddaşının canlı nümunəsidir:
“Bizim üçün əsas olan şəhidlərimizin xatirəsini yaşatmaq, onların fədakarlığını unutdurmamaqdır. Bu, həm dini, həm də milli borcdur”.