Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələrin fəallığı da artıq.
Hazırda əsas müxalif siyasi qüvvə “Taşir” Şirkətlər qrupunun sahibi Samvel Karapetyanın himayəsilə yaradılan "Güclü Ermənistan" Partiyasıdır.
“Güclü Ermənistan” Partiyasının təsis qurultayı 12 fevralda keçiriləcək və Baş nazir postuna namizəd orada elan ediləcək.
Modern.az xəbər verir ki, partiyanın koordinatoru Narek Karapetyan mətbuata açıqlamasında namizədin çoxdan müəyyən edildiyini bildirib.
Bəs “Güclü Ermənistan” Partiyasının Baş nazir postuna namizədi kim olacaq?
Ermənistan mətbuatı keçmiş baş nazir Karen Karapetyanın namizəd ola biləcəyi ilə bağlı şayiələrə aydınlıq gətirib.
Bildirilib ki, Karen Karapetyan baş nazirliyə namizəd üçün yaşayış tələbinə cavab vermədiyi üçün namizəd göstərilə bilməz. Çünki o, yaşayış tələbini pozub - ildə ən azı altı ay (180 gün) Ermənistanda yaşamayıb.
Xatırladaq ki, Baş nazir vəzifəsinə namizədlər üçün Ermənistan Respublikasının müstəsna vətəndaşlığına malik olmaq və ildə ən azı altı ay ölkədə yaşamaq məcburi tələbdir. Başqa sözlə, şəxs son dörd il ərzində hər il ən azı 180 gün Ermənistanda yaşamalıdır.
Partiyanın himayədarı olan Samvel Karapetyana gəldikdə isə o, bir neçə ölkənin vətəndaşıdır və ən yaxşı halda Ağsaqqallar Şurasına namizədlər siyahısına daxil edilə bilər.
Ermənistan mediası qeyd olunanları nəzərə alaraq, Baş nazir vəzifəsinə ən çox ehtimal olunan namizəd kimi son zamanlar geniş tanınma və əhəmiyyətli ictimai rəğbət qazanmağı bacaran Narek Karapetyanın adını çəkir. O, hazırda “Güclü Ermənistan” Partiyasının koordonatorluğunu icra edir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 2-dən 12-dək keçiriləcək və bu müddət ərzində yeganə bazar günü 7 iyun olacaq.
A.Qorxmaz