20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində təkcə faciə günü deyil, eyni zamanda milli şüurun oyanışı, azadlıq və müstəqillik uğrunda mübarizənin zirvə nöqtəsi kimi yadda qalmışdır. Bu qanlı tarix xalqımızın yaddaşına hüzn, kədər və göz yaşları ilə həkk olunsa da, eyni zamanda böyük qəhrəmanlıq, rəşadət və ləyaqət nümunəsi kimi dəyərləndirilir.1980-ci illərin sonlarında Sovet İttifaqının dağılma ərəfəsində Azərbaycan xalqı öz hüquqları, milli azadlığı və suverenliyi uğrunda ayağa qalxmışdı. Qarabağda baş verən hadisələr, erməni separatizmi və mərkəzi hakimiyyətin ədalətsiz mövqeyi xalqın narazılığını daha da artırmışdı. Bakıda və respublikanın digər bölgələrində keçirilən dinc mitinqlər, etiraz aksiyaları xalqın öz taleyinə sahib çıxmaq istəyinin açıq ifadəsi idi.Məhz bu milli oyanışı boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya yeridildi. Heç bir xəbərdarlıq edilmədən, fövqəladə vəziyyət elan olunmadan tanklar, zirehli texnika və silahlı hərbçilər dinc əhalinin üzərinə yeridildi. Küçələrdə, meydanlarda, hətta evlərin qarşısında qadınlar, uşaqlar, yaşlı insanlar gülləbaran edildi. Rəsmi məlumatlara görə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Bu, sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biri idi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar faciəsi öz miqyasına və qəddarlığına görə insanlığa qarşı cinayət olmaqla yanaşı, xalqımızın iradəsini sındıra bilmədi. Əksinə, həmin gecə axıdılan günahsız qanlar azadlıq məşəlinə çevrildi. Şəhidlər Vətən, torpaq və milli ləyaqət naminə canlarını fəda edərək Azərbaycanın müstəqillik yolunu işıqlandırdılar. Xalq qorxmadı, geri çəkilmədi, şəhidlərini böyük izdihamla, misilsiz ehtiramla torpağa tapşırdı.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu cinayət xalqımızın milli-azadlıq hərəkatını boğmağa yönəlmiş antihumanist siyasətin acı nəticəsidir. 20 Yanvar hadisəsi xalqımızın, millətimizin iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və xalqımız bu müqəddəs yolda daha da inamla addımladı.20 Yanvar hadisələri həm də Azərbaycan xalqının birliyinin, həmrəyliyinin bariz nümunəsi oldu. Həmin günlərdə bütün respublika ayağa qalxdı, insanlar bir yumruq kimi birləşdi. Bu birlik və mübarizə ruhu sonradan müstəqil dövlət quruculuğunun əsas təməl daşlarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi cəsarətli və prinsipial mövqe bu faciənin siyasi-hüquqi qiymətinin verilməsində müstəsna rol oynadı.
O, Moskvada Azərbaycanın daiminümayəndəliyində çıxış edərək sovet rəhbərliyinin bu qanlı əməlini kəskin şəkildə pislədi, hadisəyə hüquqi və mənəvi qiymət verdi. Məhz onun təşəbbüsü ilə sonradan 20 Yanvar faciəsi dövlət səviyyəsində soyqırımı və hərbi təcavüz aktı kimi tanındı.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu qərar Ümummilli Lider Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması oldu.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunurdu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi.
Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir.Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər müstəqillik və azadlıq uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını bir daha sübut etdi. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, ölkənin davamlı inkişafının təmin edilməsi və işğaldan azad edilmiş ərazilərin bərpası bu müqəddəs irsin davamı kimi uğurla həyata keçirilir. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Gənc nəsil bu tarixi təkcə oxumur, həm də dərk edir. Çünki 20 Yanvar dərsi bizə azadlığın təsadüfən deyil, böyük qurbanlar bahasına qazanıldığını xatırladır. Bu faciədən 36 ildən artıq vaxt keçməsinə baxmayaraq,
20 Yanvar Azərbaycan xalqının milli yaddaşında canlıdır. Bu tarix həm matəm günüdür, həm də qürur günüdür. Matəmdir, çünki yüzlərlə günahsız insan şəhid oldu. Qürurdur, çünki Azərbaycan xalqı həmin gecə öz ləyaqətini, iradəsini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün müstəqil, suveren və qalib Azərbaycan dövləti məhz 20 Yanvar şəhidlərinin qanı üzərində qurulmuşdur. Onların ruhu qarşısında baş əyir, xatirəsini ehtiramla yad edirik. 20 Yanvar Azərbaycan tarixində əbədi olaraq faciə ilə yanaşı, qəhrəmanlıq və rəşadət salnaməsi kimi yaşayacaq və gələcək nəsillərə azadlıq dərsi verəcəkdir. 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.
Ölkəmizin ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda həlak olan oğul və qızlarımızın şücaəti daim yüksək qiymətləndirilir, xatirəsi hər zaman uca tutulur.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri