Rusiya-Ukrayna müharibəsində həlak olan Azərbaycan vətəndaşı Əhmədov Orxan Niftalı oğlunun Naxçıvanda ailə üzvləri və yaxınlarının iştirakı ilə şəhid kimi dəfn edilməsi, məzar daşının üzərinə şəhid sözünün yazılması birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, belə şəxslərin şəhid sayılması qanunvericilikdə nəzərdə tutulmayıb:
“Qanunvericilikdə şəhidlik, ancaq Azərbaycanın ərazi bütövlüyü yolunda, yaxud dövlətimizin terrorizmə qarşı sühməramlı qüvvələrinin tərkibində iştirak edən şəxslərə aid olunan məsələdir. Ona görə də hansısa ölkədə könüllü və ya həmin dövlətin vətəndaşı olduğu üçün, yaxud da vətəndaş olmadan hər hansı çağırışa qoşulub gedən azərbaycanlıların bu cür tanıtımı qanunvericilik baxımından düzgün deyil. Belə şəxslərin şəhid adlandırılması doğru yanaşma kimi qəbul edilə bilməz”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Rafiq Əliyev isə məsələnin dini tərəfini izah edib.
O, qeyd edib ki, dini baxımdan iki halda şəxs şəhid sayılır:
"Şəxs din uğrunda və öz vətəni uğrunda müharibədə həlak olduqda şəhid sayılır. İnsan başqa ölkədə qeydiyyatda ola, yaşaya bilər. Amma onun ana vətəni bütün hallarda Azərbaycandır. Çünki burada dünyaya gəlib, daha sonra ora gedib. Amma dini nöqteyi-nəzərdən başqa müharibələrdə həlak olanlar rəhmətə gedənlər dini baxımdan şəhid sayılmırlar".
Sonda Rafiq Əliyev əlavə edib ki, Naxçıvanda baş daşına şəhid yazılması, sadəcə olaraq valideynlərinin oğluna qarşı münasibətidir və dini nöqteyi-nəzərdən düzgün deyil.