Bəzən insanın ən böyük problemi özünə ən yaxın bildikləri olur. Hətta onlar düşməndən də çox təhlükə olurlar.
Onlar çalışıb hər an sənin yanında olur, gülür, danışırlar. Səni çox istədiklərini hər an dilə gətirirlər. Amma burada bir məqamı unutmaq olmaz. Belələri işlərinə yarayana qədər sənin yanında olurlar.
Ən təhlükəlisi isə odur ki, insan istifadə olunduğunu uzun zaman, bəzən illərlə hiss etmir. Biz bu yazıda səndən istifadə olunduğunu erkən anlamağa kömək edəcək 6 əsas məqamı təqdim edirik.
Birincisi odur ki, həmin şəxs səni yalnız ehtiyacları olanda xatırlayırlar. Diqqət edək, problemləri olanda dərhal yazırlar, köməyə ehtiyacları olanda səni tapırlar. Amma sənin halını soruşan yoxdur. Amma əlaqə tək tərəflidirsə, bu artıq münasibət yox, istifadədir.
İkincisi odur ki, sən qarşı tərəfə hər şeyini verirsən, qarşı tərəf isə manupulyasiya edir. Sən zaman verirsən, diqqət verirsən, enerji verirsən. Qarşılığında isə sənə dəstək yoxdur, təşəkkür yoxdur, maraq yoxdur. Sağlam münasibətdə balans olur. Balans yoxdursa, deməli, münasibətlərdə problem var.
Üçüncüsü odur ki, onlar sənin uğurun onları sevindirmir Uğurunu danışanda mövzunu dəyişirlər, zarafata salırlar, ya da səssizlik olur, reaksiya vermirlər. Hansı ki, səni sevən insan üçün sənin irəliləyişin təhlükə deyil, sevinc, fəxrdir. Sənin uğuruna sevinmirlərsə, deməli sən onların planında sadəcə alətsən.

Dördüncüsü odur ki, “Yox” dedikdə sənə münasibət dəyişir Bu həddən artıq vacib işarədir. Sən bir dəfə kömək etmirsən, bir dəfə “yox” deyirsən, qəfldən soyuqluq yaranır. Ardından sənə münasibət dəyişir. Münasibətlərin soyumasında günahkar sən olursan. Bu da həmin adamların səni insan kimi yox, funksiya kimi gördüyünü göstərir.
Beşincisi odur ki, səni daim günahkar hiss etdirirlər. Sən sözünü deyəndə, nəsə istəyəndə, “sən dəyişmisən”, “əvvəllər belə deyildin”, “bizim üçün heç nə etmirsən” deyirlər. Bu da manipulyasiyadır. Burada məqsəd sadədir. Səndən yenə də istifadə etmək üçün dolayı yolar axtarıb səni məcbur edirlər.
Altıncısı odur ki, sən olmayanda hər şey daha yaxşı davam edir. Unutma, əgər sən çəkiləndə, susanda, uzaqlaşanda heç kim fərq etmirsə, deməli sən insan kimi yox, resurs kimi dəyər görmüsən. Bu acıdır, amma həqiqətdir.
Bəzən bu labrintə düşən insan nə etməli olduğunu kəsdirə bilmir. Hətta bəzən vəziyyətin çıxılmaz olduğunu düşünür. Amma belə deyil, hər şeydən çıxış yolu var. Heç nə gec deyil.
Bəs, nə etməli?
Psixoloqlar bildirirlər ki, bu cür vəziyyətlər çıxılmaz deyil. Əsas məsələ sərhədləri müəyyənləşdirməkdir. Hər kəsə hər şeyi vermək doğru deyil. Bilmək lazımdır, “Yox” demək eqoizm yox, özünümüdafiədir. Səndən ancaq istifadə edən insanlarla məsafə saxlamaq lazımdır. Az, amma səmimi münasibətlər daha dəyərlidir. Unutmaq olmaz ki, səni itirməkdən qorxmayan insan səni sevmir.
İnsanların çoxu bu həqiqəti enerjisi tükəndikdə, gücü qalmadıqda anlayır. Yəni artıq hərşey gec olur. Amma bu məqaləni oxuyan hər kəs üçün vəziyyət dəyişir. Fərqindəlik gecikmiş addım deyil.
Bu yazını oxudunsa, deməli artıq bir addım öndəsən.
Elnur ƏMİROV