Modern.az

Türk dövlətləri imperialist tələlərə aldanmamalıdır - Zorlu Töre

Türk dövlətləri imperialist tələlərə aldanmamalıdır - Zorlu Töre

Aktual

22 Yanvar 2026, 10:08

Lefkoşa millət vəkili və əvvəlki dövr Məclis sədri Zorlu Töre, MediaTürk TV-də Serdar Şengülün aparıcılığı ilə yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında gündəmlə bağlı mühüm açıqlamalar verib.

Modern.az xəbər verir ki, proqramda Türkiyədə baş verən bayraq endirmə təxribatı və rus filosofu Aleksandr Duqinin Türk dünyasına yönəlik səsləndirdiyi fikirlər müzakirə olunub. Zorlu Töre milli dəyərlərə qarşı yönələn bu cür addımların qəbuledilməz olduğunu vurğulayıb.

Türk bayrağının Türk milləti üçün müqəddəs bir rəmz olduğunu bildirən Töre qeyd edib ki, Türkiyədə adı və soyadı türk olan milyonlarla insan yaşayır və bayrağa qarşı edilən hər cür hörmətsizlik cəmiyyətdə ciddi narahatlıq yaradır. O, bu tip təxribatların heç kimə fayda vermədiyini, lakin milli simvollara qarşı yönələn hərəkətlərə də səssiz qalınmayacağını bildirib.

Zorlu Töre çıxışında rus filosofu Aleksandr Duqinin Türk dünyasına mənsub dövlətlər haqqında səsləndirdiyi fikirləri də sərt şəkildə tənqid edib. Bu açıqlamaların qəbuledilməz olduğunu deyən Töre, Rusiyanın idarəsindən azad olmuş Türk dövlətlərinin bu gün siyasi, iqtisadi və hərbi baxımdan gücləndiyini vurğulayıb.

“Türk Dövlətləri ifadəsi səslənən kimi bəzi güc mərkəzləri narahat olur. ‘Bunları necə parçalaya bilərik’ düşüncəsi ilə hərəkət edən imperialist dairələr devrəyə girir”, – deyə Töre bildirib. Onun sözlərinə görə, Türk dövlətləri bu cür oyunlara qarşı ayıq olmalı və kənar təsirlərə aldanmamalıdır.

Töre çıxışının davamında Türk dünyasının gələcək yol xəritəsinə də toxunaraq “Dildə, fikirdə, işdə birlik” şüarının bu gün daha da böyük əhəmiyyət daşıdığını bildirib. Dünyanın artıq təkqütblü sistemdən uzaqlaşdığını qeyd edən Töre, qlobal nizamın çoxqütblü mərhələyə keçdiyini deyib.

“Bu gün Avropa Birliyi var, Amerika Birləşmiş Ştatları var, Ərəb Birliyi var. Ancaq söhbət türklərin birliyindən gedəndə bizi parçalamaq üçün hər cür üsula əl atırlar”, – deyə Zorlu Töre vurğulayıb.

Veriliş Türk dünyasının gələcəyi, regional balanslar və milli həssaslıqlar ətrafında aparılan geniş müzakirələrlə başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır