Müasir dövrdə dil məsələsi yalnız filoloji problem olmaqdan çıxaraq dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik məsələsi kimi aktuallaşmışdır. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qalmışdır. Bu şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər sırf normativ tövsiyə deyil, strateji dövlət baxışı kimi diqqəti cəlb edir.
Dövlət başçısının müxtəlif illərdə, xüsusən də 2025-ci ilin yekunlarına dair müsahibəsində ifadə etdiyi mövqe göstərir ki, dil onun siyasi diskursunda milli təhlükəsizlik, ideoloji müstəqillik və psixoloji azadlıq anlayışları ilə bilavasitə əlaqələndirilir. Bu məqalənin məqsədi Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı konseptual mövqeyini elmi tezislər şəklində sistemləşdirmək, bu tezisləri dilçilik elminin əsas istiqamətləri ilə əlaqələndirmək və onların Azərbaycan dili tarixi baxımından əhəmiyyətini ortaya qoymaqdır. İlham Əliyevin dil konsepsiyası üzərində aparılan diskurs təhlil onun dilə yanaşmasının təsadüfi deyil, davamlı və ardıcıl ideoloji xətt təşkil etdiyini göstərir. Metodoloji baxımdan məqalədə diskurs analizi, konseptual sistemləşdirmə və tarixi-müqayisəli yanaşma əsas götürülür. Prezidentin mülahizələri leksik-ritorik çərçivədə deyil, onların mahiyyətini təşkil edən konseptual-ideoloji və koqnitiv sistem səviyyəsində təhlil olunur.
Prezident İlham Əliyevin dilə münasibətində əsas ideya ondan ibarətdir ki, dil dövlətçiliyin fundamental atributudur. Dövlət rəmzləri sırasında dil xüsusi yer tutur və milli kimliyin qorunmasında birinci dərəcəli rol oynayır. Bu konseptual yanaşma dövlət başçısının dilin mahiyyəti və funksiyası ilə bağlı aşağıdakı fikrində də öz aydın ifadəsini tapır: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə.”
Prezidentin çıxışlarında dilin pozulması yalnız linqvistik problem kimi deyil, milli kimliyin tədricən zəifləməsinə gətirib çıxaran strateji təhlükə kimi qiymətləndirilir. Bu baxımdan dövlət başçısı dilə nəzarətsiz şəkildə daxil olan yad ünsürlərin milli şüura və dövlətçilik düşüncəsinə uzunmüddətli təsirini xüsusi olaraq vurğulayaraq bildirir: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək...”
Bu yanaşma dil məsələsini mədəni sahədən çıxararaq ideoloji və siyasi müstəviyə keçirir. Dil burada yalnız ünsiyyət vasitəsi deyil, milli varlığın daşıyıcısı kimi təqdim olunur. Azərbaycan dili dövlətçilik ideyasının ifadə olunduğu əsas platforma rolunu oynayır.
İlham Əliyevin dil siyasətində ən prinsipial mövqelərdən biri dilin leksik saflığının qorunması ilə bağlıdır. Dövlət başçısı xarici sözlərin nəzarətsiz şəkildə dilə daxil olmasını zənginləşmə kimi deyil, milli dil sisteminin daxili balansını pozan və milli kimliyi mərhələli şəkildə aşındıran təhlükəli proses kimi qiymətləndirir. Bu yanaşma dilçilik baxımından “xarici təsir” anlayışının yenidən dəyərləndirilməsini zəruri edir. Belə ki, burada söhbət təkcə leksik alınmalardan deyil, ana dilinə etimadın zəifləməsindən, milli dil şüurunun sarsılmasından və yad dilin psixoloji üstünlük simvoluna çevrilməsindən gedir. Məhz bu səbəbdən Prezidentin dil konsepsiyası sosiolinqvistika və dil psixologiyası ilə sıx əlaqədə formalaşan strateji yanaşma kimi çıxış edir.
Bu konsepsiyanın mühüm dayaqlarından biri də Azərbaycan xalqının tarixi təcrübəsidir. Müxtəlif imperiyaların tərkibində yaşamış bir xalqın ana dilini qoruyub saxlaması dövlət başçısı tərəfindən milli mənəvi gücün və tarixi davamlılığın bariz göstəricisi kimi dəyərləndirilir. Bu baxımdan Prezident xüsusi olaraq vurğulayır: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik.” Bu mövqe dilin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda müstəmləkəçilik və assimilyasiya təzyiqlərinə qarşı formalaşmış mənəvi müqavimət mexanizmi olduğunu ortaya qoyur və onu milli yaddaşın, tarixi identikliyin və dövlətçilik şüurunun strateji daşıyıcısı kimi ön plana çıxarır.
Tarixi baxımdan Azərbaycan dili yalnız məişət səviyyəsində deyil, poeziyada, fəlsəfədə, dövlətçilik təfəkküründə funksional olmuşdur. Prezidentin vurğuladığı bu fakt dil tarixçiləri üçün mühüm elmi tezis yaradır: dilin qorunması tarixi şüurun qorunması deməkdir.
İlham Əliyevin dil konsepsiyası qloballaşma şəraitində dilin inkişafı ilə milli dil təhlükəsizliyi arasında tarazlığın qorunmasına əsaslanır. Dövlət başçısı müasir dünyada qapalı informasiya və mədəni mühitdə yaşamağın mümkün olmadığını qəbul edir və beynəlxalq ünsiyyətin tələb etdiyi terminoloji axını inkar etmir. Bu baxımdan onun mövqeyi prinsipial şəkildə dəqiqləşdirilir: “Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram.”
Bununla belə, Prezident internet və sosial şəbəkələr vasitəsilə dilə və şüura təsir göstərən yad ünsürləri qloballaşmanın neytral nəticəsi kimi deyil, mədəni ekspansiyanın müasir forması olan “yumşaq güc” mexanizmi çərçivəsində qiymətləndirir. Bu yanaşma göstərir ki, problem təkcə alınma sözlərin mövcudluğu deyil, onların dil davranışını, estetik normanı və milli dil şüurunu istiqamətləndirmə potensialıdır. Beləliklə, İlham Əliyevin dil siyasətində qloballaşmaya açıq olmaqla milli dilin daxili immunitetinin qorunması paralel və qarşılıqlı tamamlanan strateji məqsədlər kimi təqdim olunur. Bu yanaşma dilin qorunmasını klassik müdafiə modelindən çıxarıb mədəni təhlükəsizlik strategiyası səviyyəsinə qaldırır. Dil artıq yalnız daxili məsələ deyil, qlobal məkanda milli mövqeyin qorunması vasitəsidir.
Müasir gənclərin sosial şəbəkə dilində geniş yayılan "şeyr eləmək" (video paylaşma), "bro" (müraciət forması), "vayb tutmaq" (hal-əhval tutmaq), stori paylaşmaq (sosial şəbəkədə hekayə paylaşmaq) kimi qarışıq ifadələr və "toksik", "feyk", "kul" kimi yad sözlər təkcə ünsiyyət vasitəsi deyil, həm də milli təfəkkürün tədricən aşınmasıdır. Bu cür "hibrid" (qarışıq) dil formaları ana dilinin daxili imkanlarını dumanlandırır, gənclərin öz doğma sözləri ilə fikirlərini dolğun ifadə etmək bacarığını məhdudlaşdırır. Nəticədə, Azərbaycan dili sanki yalnız köməkçi sözlərdən ibarət bir bazaya çevrilir, əsas məna yükü isə xarici kəlmələrin üzərinə düşür ki, bu da milli kimlik şüurunda ciddi çatlara yol açır.
Bu təhlükənin qarşısını almaq üçün təkcə inzibati qadağalar kifayət deyil; biz ana dilimizi internet mühitində daha cəlbedici və müasir bir formaya salmalıyıq. Gənclər arasında öz doğma sözlərimizin işlədilməsini "dəb" halına gətirməli, onlara yad dildəki sözlərin deyil, təmiz Azərbaycan türkcəsindəki ifadələrin daha nüfuzlu və zəngin olduğunu aşılamalıyıq. Yalnız dilimizin estetik və funksional üstünlüyünü rəqəmsal dünyada sübut etməklə, yeni nəsli bu psixoloji asılılıqdan xilas edə və dövlətçilik konsepsiyamızın əsas sütunu olan dilimizi gələcəyə saf şəkildə ötürə bilərik.
İlham Əliyevin dil konsepsiyasında media və ziyalılar xüsusi məsuliyyət daşıyan ictimai subyektlər kimi təqdim olunur. Efir məkanı dilin kütləvi şəkildə istehsal və yayım mühiti olmaqla yanaşı, cəmiyyət üçün normativ dil davranışını formalaşdıran əsas platformadır. Bu səbəbdən burada yaranan dil modeli təkcə üslubi seçim deyil, ictimai şüura təsir edən ideoloji və mədəni faktora çevrilir. Məhz bu kontekstdə Prezident jurnalistlərin və ziyalıların dil məsuliyyətini fərdi peşə borcu kimi deyil, milli məsuliyyət kimi qiymətləndirərək qeyd edir: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Mən hərdənbir eşidirəm televiziya verilişlərində, sizə aid deyil. Təbii ki, bizim ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac var, onlar da biganə qalmasınlar bu işə.”
Bu yanaşma dil norması anlayışına yeni bir ölçü – ictimai nüfuz və təsir amilini əlavə edir. Prezidentin mövqeyinə görə, normativlik artıq yalnız qrammatik və leksik düzgünlüklə məhdudlaşmır, dilin kim tərəfindən, hansı platformada və hansı təsir gücü ilə istifadə olunması da həlledici meyara çevrilir. Bu ideya dilin qorunmasını milli-mənəvi təhlükəsizlik məsələsi səviyyəsinə yüksəldərək belə ümumiləşdirilir: “dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq.”
Beləliklə, Prezidentin dil konsepsiyasında media və ziyalılar milli dilin yalnız daşıyıcıları deyil, onun ideoloji sabitliyini, estetik səviyyəsini və gələcək davamlılığını təmin edən əsas ictimai mexanizmlər kimi çıxış edir.
İlham Əliyevin müsahibələrində xüsusi yer tutan anlayışlardan biri psixoloji müstəmləkəçilik fenomenidir. Dövlət başçısı imperiya tərkibində yaşamağın yalnız siyasi və inzibati deyil, eyni zamanda dərin psixoloji izlər buraxdığını vurğulayaraq qeyd edir: “Başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var.”
Bu yanaşmada ana dilində danışmaqdan utanmaq, xarici dildə danışmağı üstünlük və sosial prestij göstəricisi kimi təqdim etmək milli natamamlıq kompleksi kimi qiymətləndirilir. Prezidentin mövqeyinə görə, bu hal təkcə dil davranışı ilə məhdudlaşmır, düşüncə tərzinə, özünüdərkə və milli özünəinam mexanizmlərinə sirayət edir. Məhz buna görə də dil məsələsi burada struktur və norma problemi deyil, təfəkkür və şüur məsələsi kimi dəyərləndirilir.
Bu kontekstdə dilin təmizlənməsi sadəcə leksik saflaşma aktı deyil, xalqın öz ana dilinə psixoloji qayıdışı, milli ləyaqətinin və tarixi özünəinamının bərpası kimi anlaşılır. Beləliklə, Prezidentin dil konsepsiyasında ana dilinə münasibət postimperial psixoloji yükdən azadolma və milli şüurun sağlamlaşdırılması prosesinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Prezidentin dil konsepsiyasında elm və təhsil məsələsi mühüm yer tutur. Elmin ana dilində inkişaf etmədiyi şəraitdə terminologiya xarici dillərin təsiri altına düşür. Bu isə dilin gələcək inkişafına ciddi təhlükə yaradır. Terminologiyanın milli əsaslar üzərində qurulması dilin təhlükəsizliyinin və davamlılığının başlıca şərtlərindən biri kimi dəyərləndirilir.
Yuxarıda aparılan təhlil əsasında Prezident İlham Əliyevin dil konsepsiyası aşağıdakı elmi tezislər şəklində ümumiləşdirilə bilər:
Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı konsepsiyası filoloji tövsiyələr toplusu deyil, strateji dövlət baxışıdır. Bu konsepsiyanın elmi tezislər şəklində sistemləşdirilməsi Azərbaycan dili tarixi şöbəsinin qarşısında yeni vəzifələr qoyur. Dilin saflığının qorunması inzibati qadağalarla deyil, tarixi yaddaşın, elmi əsaslandırmanın və terminoloji müstəqilliyin təmin edilməsi ilə mümkündür. Beləliklə, Prezidentin dil konsepsiyası Azərbaycan dilini keçmişin mirası deyil, gələcəyin müstəqillik təminatı kimi təqdim edir və dilçiləri bu ideyanın elmi daşıyıcılarına çevirir.
Dünya təcrübəsində dilin qorunması ilə bağlı müxtəlif yollar var. Məsələn, İslandiya modeli dünyada "dil purizmi"nin (təmizliyinin) ən kəskin nümunəsi hesab olunur. İslandiyalılar dillərinə xarici söz qəbul etmirlər; hətta "kompüter" və ya "telefon" kimi beynəlxalq terminlər üçün belə qədim köklərdən yeni sözlər yaradırlar. Türkiyədə isə Türk Dil Qurumu (TDK) əsasən elmi terminlərin türkləşdirilməsi və xalqın dil yaddaşındakı köhnə sözlərin dirçəldilməsi yolunu seçib.
Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı prinsipial və strateji mövqeyi dilçiləri, xüsusən də Azərbaycan dili tarixi sahəsində çalışan alimləri passiv müşahidəçi deyil, fəal elmi-subyekt kimi çıxış etməyə səsləyir. Bu baxımdan, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsi üçün aşağıdakı konseptual və praktik təkliflər irəli sürülə bilər:
1. Tarixi dil saflığı konsepsiyasının elmi əsaslandırılması. Azərbaycan dili tarixi şöbəsi dilin “saflığı” anlayışını normativ qadağalar üzərində deyil, tarixi-filoloji meyarlar əsasında işləməlidir. Bunun üçün:
Bu 4 bənd birlikdə tarixi leksik baza, normativ qiymətləndirmə mexanizmi yaradır. Beləliklə, Azərbaycan dili tarixi şöbəsi dilin saflığını inzibati qadağalarla deyil, elmi əsaslandırma və tarixi norma ilə qorumaq imkanına malik olur.
2. “Tarixi Azərbaycan türkcəsi” Elektron Korpusu. Azərbaycan dili tarixi şöbəsi Kömpüter dilçiliyi şöbəsi ilə əməkdaşlığa girərək aşağıdakı korpus banklarının yaradılmasında fəaliyyət göstərmək və mənbələrlə təmin etmək funksiyasını yerinə yetirə bilər: Klassik Azərbaycan türkcəsinin (Nəsimi, Füzuli, Xətai, Vaqif və b.) rəqəmsal mətn korpusu yaradılmalı. Bu korpus müasir dil materialı ilə müqayisəli işləməyə imkan verən analitik alətlərlə təchiz olunmalıdır. Korpus dil siyasətində elmi əsaslandırma mənbəyi kimi çıxış etməlidir.
3. “Türk mənşəli arxaizmlər lüğəti” (Onlayn tarixi lüğət portalı üçün konseptual layihə). 2023-2024-cü illərdə nəşr olunmuş 3 cildlik “Türk mənşəli arxaizmlər lüğəti” bazası əsasında “Onlayn tarixi lüğət portalı”nın yaradılması Azərbaycan dili tarixi şöbəsinin Prezidentin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışına birbaşa elmi cavabı ola biləcək fundamental layihədir. Bu lüğət türk mənşəli, lakin müasir ədəbi dildə passivləşmiş və ya sıradan çıxmış sözlərin tarixi, semantik və funksional bərpasını hədəfləyir.
Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı mövqeyi Azərbaycan dili tarixi şöbəsi üçün elmi fəaliyyət proqramı rolunu oynaya bilər. Dilin saflığının qorunması yalnız qadağalarla deyil, tarixi yaddaşın bərpası və elmi əsaslandırma ilə mümkündür. Bu prosesdə dil tarixçiləri milli dil təhlükəsizliyinin elmi təminatçıları kimi çıxış etməlidirlər.
Xədicə Heydərova
AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dili tarixi şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent