"Qarabağ" klubu bugün Çempionlar Liqasının VIII turu çərivəsində saat 00:00-da “Enfild” stadionunda "Liverpul" klubu ilə üzbəüz gələcək.
Şəhid ailələrinə həmişə xüsusi həssaslıq göstərən "Qarabağ" klubu Çempionlar Liqası çərçivəsində şəhid övladları ilə bağlı hər hansı təşəbbüs irəli sürübmü?
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Modern.az-a açıqlamasında deyib ki, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi ilə uzunmüddətli və sıx əməkdaşlıq edir.
Onun sözlərinə görə, indiyədək dəfələrlə Qarabağ klubunun təlim-məşq bazasında şəhid övladları ilə komanda üzvlərinin görüşləri təşkil olunub. Sözügedən görüşlər çərçivəsində şəhid övladlarına xatirə hədiyyələri təqdim edilib, onlar komandanın oyunlarına dəvət olunublar. Şəhid övladları həm məşqləri, həm də rəsmi oyunları stadiondan canlı izləmək imkanı əldə ediblər.
S.Orucova qeyd edib ki, bu əməkdaşlıq birdəfəlik xarakter daşımır və bu gün də davam edir:
“Əminik ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Çünki hər bir şəhid övladının Qarabağ komandasının üzvləri ilə görüşməsi, xatirə şəkilləri çəkdirməsi, hədiyyələr alması və oyunlarda iştirak etməsi onların ən böyük arzularındandır. Biz də bu arzuların gerçəkləşməsi üçün daim çalışır, səy göstəririk”.
İctimai Birliyin sədri Qurban Qurbanovun vətənpərvər mövqeyini xüsusi vurğulayıb:
“Qurban müəllimin şəhidlərə və şəhid adına göstərdiyi hörmət, ehtiram hər zaman açıq şəkildə özünü göstərib. Bunun bariz nümunələrindən biri də şəhid polkovnik-leytenant Vidadi Xəlilovun oğlu Əli ilə bağlı olmuşdu. Əli futbolu çox sevirdi və Qurban müəllimlə görüşmək arzusunu bizə bildirmişdi. Bu istəyi Qurban Qurbanova çatdırdıqdan sonra, o, bütün komandanı toplayaraq görüşün təşkilinə şərait yaratdı. Əli təlim-məşq bazasına dəvət olundu və bu görüş onun yaddaşında silinməz bir iz buraxdı”.
S.Orucovanın sözlərinə görə, Qarabağ FK Qurban Qurbanovun rəhbərliyi altında şəhidlərin xatirəsinə daim yüksək ehtiram nümayiş etdirir. O, oyunlarda şəhid komandir Allahverdi Bağırovun posterlərinin açılmasını bu hörmətin açıq təzahürü kimi qiymətləndirib.
Bildirilib ki, şəhid general Raquf Orucovun şəhid olmasından sonra UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Qarabağın oyunu onun doğum gününə təsadüf edib və həmin görüşdə Raquf Orucovun xatirəsinə böyük poster açılıb.
“Qarabağ futbol komandası sadəcə idman klubu deyil. Klubun quruluşu, idarəçiliyi və mənəvi ruhu Azərbaycanın milli dəyərlərinə və şəhidlərimizə hörmət üzərində formalaşıb. Bu isə bizə böyük qürur və mənəvi təskinlik verir”, - deyə S.Orucova vurğulayıb.
Birlik sədri həmçinin qeyd edib ki, bu il Çempionlar Liqası oyunlarında şəhid övladlarının meydana çıxması mümkün olmayıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı klub rəhbərliyi ilə müzakirələr aparılıb:
“Çempionlar Liqası oyunları UEFA-nın nəzarəti altındadır və bunun üçün xüsusi icazələr, müəyyən şərtlər mövcuddur. Bu səbəbdən belə həssas mövzularla bağlı addımlar atmaq hər zaman mümkün olmur”.