Rəqəmsal texnologiyaların yeni mərhələsi kimi qiymətləndirilən süni intellekt artıq təkcə texnoloji sahəni deyil, cəmiyyətin sosial-iqtisadi həyatını da dəyişməkdədir. Xüsusilə, əmək bazarında bu texnologiyanın yaratdığı təsirlər peşələrin gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırır.
Mütəxəssislər qeyd edirlər ki, süni intellekt yalnız iş yerlərinin sayını deyil, həm də işin keyfiyyətini və əmək bazarındakı tələbləri dəyişdirir. Beləliklə, həm işçilər, həm də işəgötürənlər üçün yeni çağırışlar ortaya çıxır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov bildirib ki, süni intellekt nəinki Azərbaycanda, dünyada hələ heç bir peşəni tam sıradan çıxartmayıb:
“Süni intellekt modellərindən hal-hazırda, sadəcə, müxtəlif işlərdə köməkçi aləti kimi istifadə olunur. Konkret olaraq bu gün üçün Sİ-nin ən yaxşı bacardığı iş korrektə və tərcüməçilikdir. Amma beynəlxalq statistikaya baxaq. Hələ də korrektor və tərcüməçilərə yüksək tələbat var”.
E.Abbasov bu fikirdədir ki, ağıllı texnologiya hesabına gələcəkdə peşələr dəyişəcək, yenidən tərtib ediləcək. Yenilərinin də yaranma ehtimalı çox yüksəkdir:
“Sənaye inqilablarına baxaq. Bədən əzələsi, at gücü ilə hərəkətə gətirilir, nəqliyyat vasitələrini avtomobillər əvəz etdi. Bərabərində avtomobil hissələrini düzəldən yüzlərlə peşə yarandı. Yaxın 5-10 il ərzində süni intellektin bir çox peşəyə, daha doğrusu, bütün peşələrə təsirini qaçılmaz sayıram. İnsan gücünün sərfiyyatı azalacaq. Amma qeyd etdiyim kimi, yeni sahələr yaranacaq”, o deyib.