Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir qrup tibb işçisini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edib. Bununla bağlı müvafiq əmr imzalanıb.
Modern.az xəbər verir ki, əmrə əsasən, səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmiş, uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən 7 tibb işçisi mükafata layiq görülüblər.

Təltif olunanlar arasında Anar Namazov da var ki, o, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiridir. Anar Namazov ölkədə transplantologiya sahəsində aparılan müasir tibbi praktikaların tətbiqi və inkişafında fəal iştirak edən mütəxəssislərdən biri kimi tanınır.
Təltif olunan digər tibb işçiləri:
Xıdırova Hicran Fərəmaz qızı – Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının Hepatologiya şöbəsinin müdiri;
Quliyeva Tamara Sayad qızı – Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, Onkoloji Klinikanın direktorunun müalicə işləri üzrə müavini;
Fərhad-zadə Könül Balababa qızı – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Poliklinika-diaqnostika şöbəsinin şüa diaqnostikası üzrə həkimi;
Musayeva Təranə Məmmədhənifə qızı – Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının dosenti, Tədris Terapevtik Klinikasının konsultativ-diaqnostik poliklinikasının müdiri;
Heybətova Maisə Ağarza qızı – Respublika QİÇS-lə Mübarizə Mərkəzinin ambulator yardım və dispanser müşahidə şöbəsinin müdiri;
Mikki Gideon – İsrailin Soroka Universitetinin Tibb Mərkəzinin Uşaq Neyrocərrahiyyəsi şöbəsinin rəhbəri.
Qeyd edək ki, bu təltif səhiyyə sahəsində çalışan mütəxəssislərin əməyinin dəyərləndirilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.