Modern.az

Gəncədə Gənclər Gününə həsr olunan regional konfrans - FOTOLAR

Gəncədə Gənclər Gününə həsr olunan regional konfrans - FOTOLAR

Aktual

31 Yanvar 2026, 15:45

2 Fevral – Gənclər Günü münasibətilə Gəncədə Azərbaycan Ağsaqqallar Şurasının “Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlətin və sağlam cəmiyyətin təminatıdır” mövzusunda regional konfransı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutan konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov, eləcə də  Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər və Cəbrayıl rayonları üzrə Ağsaqqallar Şuralarının və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin ADAU-nun, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, o cümlədən kolleclərin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru  Bayram Yusifov bütün gəncləri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edərək hər birinə möhkəm cansağlığı, təhsillərində, fəaliyyətlərində və şəxsi həyatlarında davamlı uğurlar arzulayıb. Bildirib ki, hazırda gənc nəsil dövlətimizin gənclər siyasətini formalaşdıran Ulu Öndər Heydər Əliyevin mirasını yaşatmaqla, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı altında ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Qəhrəman gənclərimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində yüksək döyüş əzmi, cəsarət və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın Zəfər salnaməsini yazdılar. Öz çıxışında Bayram Yusifov bu gün cəmiyyətimizdə mövcud olan problemlərdən, xüsusilə də gənclərimizi əhatə edən mənfi hallardan da söz açıb. Vurğulayıb ki, gənclərimizin sağlam, xoşbəxt və uğurlu gələcəyi üçün hər bir vətəndaşımız, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri gənc nəslin maarifləndirilməsində, vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərə bağlı sağlam şəkildə yetişdirilməsində yaxından iştirak etməli, onların cəmiyyət üçün layiqli vətəndaşlar olaraq formalaşmasında bilik və bacarıqlarını əsirgəməməlidir.

Konfransda, həmçinin, Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhid Araz Məmmədovun anası Nigar Məmmədova və gənclər təşkilatlarının nümayəndələri  çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır