Modern.az

MyGov-da ən çox istifadə olunan xidmətlər hansılardı?

MyGov-da ən çox istifadə olunan xidmətlər hansılardı?

Aktual

2 Fevral 2026, 10:36

Elektron Hökumət İnformasiya Sistemi dövlət qurumları, vətəndaşlar və biznes subyektləri arasında inteqrasiyanı təmin edən əsas infrastruktur rolunu oynayır və bu sistem çərçivəsində myGov, myGov Business, myGov ID, digital docs və digital bridge platformaları fəaliyyət göstərir.

Modern.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair Mətbuat Konfransında Agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib. 

O bildirib ki, bu infrastruktur vasitəsilə dövlət xidmətlərinə vahid məkandan bir pəncərə prinsipi əsasında giriş imkanı yaradılıb, dövlət qurumlarının informasiya sistemləri üzrə mərkəzi əlaqələndirmə və inteqrasiya təmin edilib, real vaxtda hüquqi əsasa malik rəqəmsal sənədləri ehtiva edən rəqəmsal kabinet formalaşdırılıb, həmçinin üçüncü tərəf təşkilatlarla fərdi məlumatların paylaşılmasına icazələrin tənzimlənməsi və izlənməsi imkanı yaradılıb.

F.Osmanov əlavə edib ki, 2025-ci il üzrə myGov platformasında istifadəçi sayı mərhələli şəkildə artaraq 2 milyonu ötüb. Aktivlik əmsalı 2024–2025-ci illər üzrə 8,58 faiz təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 13 faiz artım deməkdir. Xidmətlərdən məmnunluq üzrə orta göstəricinin 96 faiz və platformanın ölkə üzrə birinci rəqəmsal dövlət tətbiqi kimi qiymətləndirilir.

Bundan əlavə, 2025-ci ildə sənədlərin sayı 1,8 dəfə, xidmətlərin sayı isə 2 dəfə artıb. Sənədlərdən istifadə 2024-cü ildə 1 milyon 106 min olduğu halda 2025-ci ildə 2 milyon 676 minə çatıb, xidmətlərdən istifadə isə 2024-cü ildə 21 min olduğu halda 2025-ci ildə 366 min olub və bu göstərici 17 dəfə artım kimi dəyərləndirilib.

“MyGov platformasında ən çox istifadə olunan xidmətlər sırasında myGov ID, rəqəmsal sənədlər, rəqəmsal razılıqlar, əmək müqaviləsinin imzalanması, mobil cihazların qeydiyyatdan keçirilməsi, məhkumluq, ailə tərkibi və subaylıqla bağlı arayışlar, etibarnamələr, dövlət qurumlarının rəsmi məktubları, kommunal xidmətlər və bildirişli ödənişlər yer alır. 2025-ci ildə platformanın əsas tərəfdaşları sırasında ŞHXÇDX, ETN, DİN, ASDEQ, Azərişıq, Azəriqaz, AYNA, DMX, SN, TƏBİB, ƏN, ƏMDX və ƏƏSMN göstərilib”,- deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır