Azərbaycan Respublikasının Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi və onun ratifikasiyası təkcə milli səviyyədə deyil, eyni zamanda beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edən strateji addımdır. Bu addım, ilk növbədə, Azərbaycanın qlobal əmək standartlarına sadiqliyini və insan mərkəzli inkişaf modelini dəstəklədiyini açıq şəkildə nümayiş etdirir. Konvensiyanın əsas məqsədi təhlükəsiz və sağlam əmək mühitinin formalaşdırılması, işlə bağlı risklərin qarşısının alınması və profilaktik mədəniyyətin təşviqidir. Azərbaycanın bu sənədi ratifikasiya etməsi ölkəmizi beynəlxalq səviyyədə məsuliyyətli və etibarlı tərəfdaş kimi möhkəmləndirir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Nigar Məmmədova deyib.
O qeyd edib ki, beynəlxalq prizmadan baxdıqda, ratifikasiya bir neçə mühüm üstünlük qazandırır. Belə ki, bu, ölkəmizin beynəlxalq imicini gücləndirir. Möhkəm iqtisadi dayaqlara malik olan Azərbaycan eyni zamanda sosial ədalətə və insan hüquqlarına hörmət edən ölkə kimi təqdim olunur.
Faktiki hər bir üzv milli siyasətini formalaşdırmaqla təhlükəsiz və sağlam istehsalat mühitini təşviq edir.
Digər tərəfdən, bu, xarici investisiyalar üçün daha cəlbedici mühit yaradır. Təhlükəsiz və sağlam əmək şəraiti olan ölkələr beynəlxalq investorlar üçün daha etibarlı hesab olunur. Bu isə davamlı iqtisadi inkişafa töhfə verir. Yeri gəlmişkən, cənab Prezidentin Davos İqtisadi Forumunun bu günlərdə keçirilən 56-cı illik toplantısı çərçivəsində nüfuzlu şirkət rəhbərlərilə görüşü zamanı Azərbaycandakı əlverişli biznes mühitinə marağın şahidi olduq. Aydındır ki, beynəlxalq investorlar üçün yatırım etdikləri ölkələrdə sabitliklə yanaşı, əmək hüquqlarına dair risklərin əvvəlcədən qiymətləndirilməsi də əsas şərtdir. Bu xüsusda Azərbaycanın “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi ölkəmizdə investisiya mühitinin proqnozlaşdırıla bilən olduğunu bir daha təsdiqləyir.
Burada əsas faktorlardan biri də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır. Belə ki, qlobal standartlara uyğunlaşma milli işçi qüvvəsinin keyfiyyətini yüksəldir və onun beynəlxalq əmək bazarına inteqrasiyasını asanlaşdırır.
Eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları da genişlənmiş olur. Azərbaycan bu Konvensiya çərçivəsində texniki yardım, təcrübə mübadiləsi və birgə proqramlarda iştirak etmək imkanları əldə etmiş olacaq.
Nəticə etibarilə, 187 nömrəli Konvensiyanın ratifikasiyası Azərbaycanın qlobal əmək ailəsinin məsuliyyətli üzvü kimi mövqeyini möhkəmləndirəcək, insan kapitalının qorunmasına xidmət edəcək, ölkəmizin davamlı inkişaf strategiyasına mühüm töhfə verəcək.