Modern.az

Əmlak bazarında qeyri-peşəkar "makler" bolluğu - ALDANMAYIN!

Əmlak bazarında qeyri-peşəkar "makler" bolluğu - ALDANMAYIN!

Aktual

4 Fevral 2026, 10:44

Gəlirli hesab olunan sahələrə kütləvi axın cəmiyyətdə müşahidə olunan neqativ tendensiyadır. Yaranmış vəziyyətdə qeyri-bərabər əmək bölgüsünün yaranmasını ən kiçik fəsadlardan hesab etmək olar. Forma və məzmunudan, nəticəsindən asılı olaraq qeyri-peşəkarın hansısa sahədə xidmət göstərməsi onu cinayət məsuliyyətinə qədər sürükləyə bilər.

Ölkədə ev alqı-satqısında da oxşar vəziyyət yaranıb. “Rahat, sürətli və çox gəlir” prinsipi insanların kütləvi halda bu işə cəlb edir. Hətta alqı-satqı prosesinə bir nəfərin onlarla başqa şəxsi qoşması, şəbəkə formasında fəaliyyət göstərmələri faktları var.

Daşınmaz əmlak bazarında müşahidə olunan bu nizamsız "makler bumu" peşəkar xidmət keyfiyyətini kölgədə qoymaqla yanaşı, vətəndaşlar üçün ciddi risklər formalaşdırır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Modern.az-a bildirib ki, bu sahədə çalışan kəslər mütləq şəkildə öz sahəsi ilə bağlı bilgili olmalıdır:

“Xarici ölkələrdə hər hansı bir şəxs rieltor işləməsi üçün təlimlərdə olmalıdır, lisenziya almalıdır, xüsusi icazəsi olmalıdır sonra bu sahədə işləyə bilər. Şəxsin mütləq şəkildə öz sahəsi ilə bağlı müvafiq mülki-hüquqi, qiymətləndirmə, iqtisadi kimi bilgiləri olmalıdır”.

Ekspert qeyd edib ki, bu gün yüzlərlə insan var ki, sənədsiz ərazilərdə evlər alıblar:

“Sənədləşmə işlərini vətəndaş bilməyə bilər, bu normaldır. Amma onu satan adam öz işini yaxşı bilməlidir. Öz işini yaxşı bilmədiyinə görə və yaxud bilərəkdən yanlış məlumat verdiyinə görə bu gün ölkədə kifayət qədər problemli daşınmaz əmlak mövcuddur. Vətəndaş bilmir, tikinti aparılması qadağan olunan ərazidə ev tikir. Vasitəçi də bu evin satışını təşkil edir. Yüzlərlə insan qeyri-peşəkar vasitəçilər səbəbindən bu gün öz evlərinə çıxarış ala bilmir, qeydiyyata düşə bilmir, məhkəmələrdə sürünürlər. Bu çox ciddi məsuliyyət yaradır”.

Elnur Fərzəliyev problemin səbəbini Azərbaycanda real torpaq və əmlak bazarı ilə bağlı hər hansısa bir institutlaşmış mexanizmin olmamasında görüb:

“Gələcəkdə bəzi ali təhsil müəssisələrində brokerlik və satışla bağlı ixtisaslar açıla bilər. Bu həyata keçərsə, ali təhsil səviyyəsində əmlak bazarını normal şəkildə idarə etmək mümkün olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!