Modern.az

Alimlərdən həyəcan siqnalı: Yeni nəsillər arasında şizofreniya halları artır

Alimlərdən həyəcan siqnalı: Yeni nəsillər arasında şizofreniya halları artır

Aktual

3 Fevral 2026, 06:12

Son onilliklərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə psixotik pozğunluqlarla, o cümlədən şizofreniya ilə daha tez-tez və daha erkən yaşlarda üzləşirlər.

Modern.az xəbər verir ki, bu nəticə kanadalı alimlərin Ontario əyalətində yaşayan 12 milyondan çox sakinin məlumatları əsasında apardıqları genişmiqyaslı araşdırmanın nəticəsində əldə olunub.

Tədqiqat çərçivəsində 1960–2009-cu illər arasında doğulmuş 12,2 milyon nəfərin məlumatları təhlil edilib. Müşahidə dövründə onlardan 152 587 nəfərə psixotik pozğunluq diaqnozu qoyulub. Alimlər “nəsil effekti” adlandırılan aydın tendensiya müəyyən ediblər: 1980-ci illərdə doğulanlardan etibarən yeni diaqnozların sayı ardıcıl şəkildə artmağa başlayıb.

Ən ciddi artım yeniyetmələr və gənclər arasında qeydə alınıb. Belə ki, 14–20 yaş qrupunda psixozun yeni halları 1997–2023-cü illər ərzində 60% artaraq, hər 100 min nəfərə görə 62,5-dən 99,7-yə yüksəlib. Hesablamalara əsasən, 2000–2004-cü illərdə doğulanlarda ilk dəfə psixotik pozğunluqla qarşılaşma riski 1975–1979-cu illərdə doğulanlarla müqayisədə təxminən 70% daha yüksək olub. 30 yaşa çatdıqda isə 1990–1994-cü illər nəsli üçün ümumi psixoz diaqnozlarının sayı 1970-ci illərin ortalarında doğulanlara nisbətən 37,5% çox qeydə alınıb.

Artım həm kişilər, həm də qadınlar arasında müşahidə edilsə də, kişilər bütün dövrlərdə daha yüksək risk qrupunda qalıblar. Ən nəzərəçarpan fərqlər əhval-ruhiyyə pozğunluqları ilə əlaqəsi olmayan psixozlar, o cümlədən şizofreniya hallarında müşahidə olunub. Bu tip diaqnozlar əsasən kişilərə, aşağı gəlirli ərazilərdə yaşayanlara, Kanadada uzun müddət məskunlaşanlara, həmçinin digər psixi pozğunluqları və psixoaktiv maddə istifadəsi problemləri olan şəxslərə qoyulub.

Tədqiqatın aparıcı müəllifi Daniel Mayranın sözlərinə görə, psixotik pozğunluqlar üzrə diaqnozların artması ciddi narahatlıq doğurur. Bu xəstəliklər yüksək xəstələnmə səviyyəsi, vaxtından əvvəl ölüm riski ilə əlaqəlidir və əhəmiyyətli tibbi və sosial resurslar tələb edir. Bununla belə, müşahidə olunan artımın dəqiq səbəbləri hələ müəyyən edilməyib.

Alimlər bildirirlər ki, Kanada üzrə aparılan araşdırmanın nəticələri Danimarka və Avstraliyada keçirilmiş son tədqiqatlarla uyğunluq təşkil edir. Həmin ölkələrdə də gənc nəsillər arasında şizofreniya hallarının artdığı müşahidə olunub. Tədqiqatçılar baş verənlərin səbəblərini aydınlaşdırmaq, eləcə də profilaktika və erkən müdaxilə tədbirlərini formalaşdırmaq üçün əlavə araşdırmaların vacibliyini vurğulayırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı