Kasko sığortası olsa da, qəzadan sonra zərərin ödənilməməsi sürücünü narazı salıb.
Modern.az xəbər verir ki, bunu paytaxt sakini Pərnin Nəsibov iddia edir. Sürücü deyir ki, sıfırdan aldığı Çin istehsalı olan avtomobili ''A-Qrup'' sığorta şirkətinə 1679 manat ödəniş edib, könüllü sığortalayıb. Təxminən bir ay əvvəl həmin avtomobillə qəzaya uğrayıb. Avtomobilin ön hissəsi əzilib və dərhal bu barədə sığorta şirkətinə məlumat verib. Onun sözlərinə görə, sığorta şirkəti avtomobilin rəsmi servisdə qiymətləndirilməsini tələb edib. Servisdə aparılan baxış zamanı avtomobilə dəymiş zərər məbləği hesablanıb.
Sürücü iddia edir ki, sığorta şirkəti qiymətləndirmə məbləğini əsas gətirərək zərərin ödənilməsindən yayınır. Sürücü onu da əlavə etdi ki, başına gələnlərlə bağlı məhkəməyə də müraciət edib.
Məsələ ilə bağlı ''A-Qrup'' sığorta şirkətinin də mövqeyini öyrəndik. Bildirdilər ki, avtomobilin ön banperi təmirə yararlıdır və qaydalara əsasən təmir edilə bilən ehtiyat hissələri dəyişdirilməyə bilər. Dəymiş zərərə gəldikdə isə şirkətdən əlavə etdilər ki, məlbəğ 6073 manatdır. Həmin məbləğ də təmir yekunlaşdıqdan sonra servisə rəsmi qaydada ediləcək. (Mənbə:Xezer TV)