Modern.az

Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ

Kriminal xəbərlər zorakılığı normallaşdırır - ETİRAZ

Aktual

7 Fevral 2026, 14:52

Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verən və 10-cu sinif şagirdinin müəlliminə odlu silahla atəş açması ilə nəticələnən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurdu. Hadisə yetkinlik yaşına çatmayanlar arasında zorakılığa meylliliyin artmasının təsadüfi olmadığını, habelə bir sıra dərin sosial-psixoloji problemlərin mövcudluğunu gündəmə gətirir. Bundan əlavə, hadisənin silahlı insident fonunda baş verməsi də ailə, məktəb və ümumilikdə nəzarət mexanizmlərindəki boşluqları açıq şəkildə nümayiş etdirir. Digər məqam isə, şagirdlərin davranışında sosial şəbəkələrin təsiri, aqressiyanın normallaşdırılması və rəqəmsallaşmanın nəzarətsiz şəkildə dərinləşməsidir. Eyni zamanda uşaq məzmununa nəzarətlə bağlı hüquqi və institusional mexanizmlərin yetərsizliyi də bu kimi halların qarşısının alınmasında ciddi risklər yaradan amillərdən biri kimi diqqət çəkir.

 

 

Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı bildirib ki, yetkinlik yaşına çatmayanların bu cür zorakılığa meyllənmələrinin tək səbəbi olmur və birdən-birə baş vermir.

“Burada ailə mühiti, məktəbdaxili münasibətlər, psixoloji gərginlik, sosial təsirlər və informasiya mühiti ciddi rol oynayır. Uşaq və ya yeniyetmə özünü "dəyərsiz", təzyiq altında və ya anlaşılmayan hiss edəndə daxili aqressiya formalaşır. Bəzən valideyn nəzarətinin zəifliyi, bəzən müəllim-şagird münasibətlərində normal ünsiyyət boşluğu, bəzən də uşağın yaşına uyğun olmayan informasiya axını onun davranışlarını sərtləşdirir. Ən təhlükəlisi isə odur ki, bəzi uşaqlar problemləri daha çox güc yolu ilə həll etməyə alışdırılır”.

Deputatın fikrincə, baş vermiş hadisə yalnız məktəb mühiti ilə bağlı məsələ deyil, daha çox dərin sosial və psixoloji problemdir:

“Şagirdin anlaşılmazlığın odlu silahla həll etməsi onun təhlükəni dərk etmədiyini, onda empati hissinin zəiflədiyini və məsuliyyətin formalaşmadığını göstərir. Burada həm psixoloji nəzarət mexanizmlərinin, həm də təhlükəsizlik sisteminin boşluqları da üzə çıxır. Uşaq silahı necə əldə edib, nəyə görə valideyn övladının çantasını nəzarətdə saxlamır, silahı məktəbə necə keçirib? Axı, ov silahı tapança deyil ki, cibində keçirdəsən?! Bunların hər biri ayrıca araşdırılmalıdır”.

O həmçinin vurğulayıb ki, bu gün uşaqların dünyagörüşünün böyük hissəsi texnoloji vasitələrlə formalaşır:

“Təəssüf ki, sosial şəbəkələrdə zorakılıq, aqressiya, güc nümayişi qəhrəmanlaşdırılır. Bir qayda olaraq yeniyetmə real həyatla virtual mühit arasında fərqi ayırd edə bilməyəndə gördüklərini davranış modelinə çevirir. Xüsusilə reels və shorts formatında sürətli, emosional məzmunda paylaşımlar onun psixikasına ciddi təsir göstərir. Rəqəmsallaşma mahiyyətcə problem deyil, problem onun nəzarətsiz və məqsədsiz istifadəsindədir”.

G.Ağamalı onu da əlavə edib ki, hüquqi baxımdan uşaqlar və yeniyetmələr üçün təhlükəli məzmunun filtrasiya olunması, yaşa uyğun alqoritmlərin tətbiqi və platformaların məsuliyyətinin artırılması vacibdir. Onun sözlərinə görə, məktəblərdə rəqəmsal savdlılıq səviyyəsi artırılmalı, valideynlər üçün maarifləndirici mexanizmlər genişləndirilməlidir:

“Birincisi, uşaq və yeniyetmələrin informasiya mühiti sağlamlaşdırılmalıdır. Telefon qadağası yox, məqsədli istifadə mədəniyyəti formalaşdırılmalıdır. İkincisi, məktəblərdə psixoloji xidmətlər gücləndirilməlidir. Üçüncüsü, ailə- məktəb-psixoloq triadası möhkəmdirilməlidir. Uşaqların və yeniyetmələrin psixoloji problemləri məktəbdə, evdə və sosial mühitdə ardıcıl olaraq izlənməlidir. Nəhayət dördüncüsü, zorakılığı təşviq edən real həyatda və sosial şəbəkələrdə bütün hallara qarşı hüquqi məsuliyyət təkmilləşdirilməlidir”, - deyə deputat qeyd edib.

Mətbuat Şurasının İdarə heyətinin üzvü, media eksperti Azər Həsrət də hesab edir ki, son illərdə məktəb və tədris sahəsində aparılan islahatlar, xüsusilə müəllimin və məktəbin nüfuzunun tədricən aşağı salınmasına xidmət edən yanaşmalar bu cür nəticələrə gətirib çıxarmalı idi:

“Əslində bu, ilk hadisə deyil. Vaxtilə də şagirdin məktəbə hücum etməsi, valideynlərin məktəbə basqın etməsi, müəllimlərin döyülməsi və təhqir olunması hallarına rast gəlinib. Təəssüflər olsun ki, son dövrlərdə Azərbaycanda bu kimi hadisələr daha tez-tez müşahidə olunur. Demək olar ki, bircə silahlı hücum qalmışdı, o da baş verdi. Bəs niyə belə olur?

Əsas səbəb ondan ibarətdir ki, bu gün məktəbin və müəllimin nüfuzu ciddi şəkildə zədələnib. Çox zaman bunun günahkarı kimi Elm və Təhsil Nazirliyi və ya ümumilikdə dövlət qurumları göstərilir. Halbuki mən hesab edirəm ki, bu məsələdə əsas məsuliyyət uşağını məktəbə göndərən valideynlərin üzərinə düşür. Daha sonra dövlət qurumları və məktəbin özü gəlir”.

Həmsöhbətimiz bildirib ki, uşağa ailədə düzgün tərbiyə verilmədikdə, ona doğru istiqamət göstərilmədikdə nəticə də bu cür olur:

“Minlərlə, yüz minlərlə uşaq məktəbə gedir. Hamısı bu cür davranırmı? Əlbəttə ki, yox. Niyə? Çünki ailəsi onu düzgün istiqamətləndirir, uşaq da davranışlarına diqqət edir.

Bəzən isə tək-tük ailələrdən bu cür uşaqlar çıxır. Əslində, bu da qaçılmaz deyil. Sadəcə müəllimə, məktəbə, məktəb rəhbərliyinə və təhsil rəsmilərinə daha geniş səlahiyyətlər verilməlidir. Çünki bu gün elə hallar olur ki, müəllim şagirdi tənbeh edir, dərhal valideyn polisə və prokurorluğa şikayət edir. Halbuki uşağın tənbeh olunması normal haldır və buna şərait yaradılmalıdır”.

A.Həsrət nəzərə çatdırıb ki, yeni informasiya və kommunikasiya texnologiyaları da bu prosesdə zərərli tərəfdən öz təsirini göstərir:

“Əlbəttə, bu texnologiyalar olmayan dövrdə də oxşar hallar olub. Ancaq o zaman bu hadisələr geniş şəkildə ictimailəşdirilmirdi. Çünki ictimailəşdirilməsi üçün platforma və mühit olmayıb. Hadisələrin üstü örtülür, yerində tədbirlər görülürdü, lakin geniş ictimaiyyətə çatdırılmırdı.

Bu səbəbdən də cəmiyyətdə belə bir yanlış fikir formalaşmışdı ki, guya bu cür hallar ümumiyyətlə baş vermir. Halbuki bu gün zərərli davranışlar nə qədər çox tirajlanırsa, bir o qədər adiləşir. Yetişməkdə olan nəsil də bunu adi hal kimi qəbul edir və düşünür ki, başqaları edirsə, mən niyə etməyim?

Bu baxımdan sosial media və ümumilikdə yeni informasiya-kommunikasiya texnologiyaları bəzən zərərli platformaya çevrilir. Qarşısını almaq olarmı? Əlbəttə olar. Dəfələrlə demişəm ki, kriminal və mənfi xəbərlərin tirajlanması dayandırılmalıdır. Cəmiyyəti ciddi şəkildə narahat edən mövzular istisna olmaqla, müəyyən kriminal hadisələrin, zorakılıq və neqativ davranışların yayılması adiləşməyə səbəb olur”.

Ekspert eyni zamanda vurğulayıb ki, uşağa ilk növbədə ailə nəzarət etməlidir:

“Onun nə ilə məşğul olduğuna, xüsusilə sosial media və internet üzərindən hansı oyunlara və görüntülərə baxdığına diqqət yetirilməlidir. Azərbaycanda “uşaq interneti” daha da inkişaf etdirilməli və genişləndirilməlidir. Məktəblərdə zərərli kontentin qarşısı müəyyən qədər alınırsa, bu yanaşma ailələr üçün də tətbiq edilməlidir.

Bu məsuliyyəti yalnız məktəbin və ya cəmiyyətin üzərinə atmaq olmaz. Hər şeydən öncə ailə bu işdə əsas rol oynamalıdır. Ata, ana və digər himayədar şəxslər üzərinə düşən vəzifəni yerinə yetirdikdə uşaqlar da düzgün istiqamətə yönəlmiş olar.

Əks halda, uşağı başlı-başına buraxıb sonra məktəbi günahlandırmaq, “niyə tərbiyə vermədin, niyə yaxşı təhsil vermədin” kimi suallar səsləndirmək yersizdir”.

O, həmçinin müəllim və məktəblərin nüfuzunun bərpası üçün ciddi tədbirlər görülməsinin vacibliyinə də diqqət çəkib:

“Məktəblərdə uşaqların danlanmasına və tərbiyəvi təsir göstərilməsinə imkan verilməlidir. Adi bir müəllim danlağına görə valideyn məktəbin üstünə cumursa, bu cəmiyyətdə nə təhsili, nə də tərbiyəni düzəldə biləcəyik. Ona görə də, müəllimin avtoriteti yüksəldilməlidir.

Müəllimlərimizə cəmiyyət içində elə yüksək hörmət, sayğı göstərilməlidir ki, uşaqlar da bunu nümunə götürsün. Həmin müəllim uşağı danladıqda, onu tənbeh etdikdə, uşaq utanmalı, nəticə çıxarmalı və davranışını düzəltməlidir.

Hazırkı vəziyyətdə isə bu mexanizm demək olar ki, işləmir. Müəllimin ən xırda toxunuşu belə böyük qalmaqala çevrilir, sosial media və bəzi media qurumları araşdırma aparmadan müəllimi və məktəbi hədəfə alır. Nəticədə müəllimlər geri çəkilməyə məcbur qalır.

Halbuki məqsəd yaxşı vətəndaş yetişdirməkdir. Əgər bunun müqabilində müəllim təhqir olunursa, görüntüləri yayılırsa, nüfuzu zədələnirsə, o zaman müəllim niyə özünü risk altına atsın?

Məhz buna görə də hər kəs müəllim və məktəblə bağlı paylaşımlarda daha məsuliyyətli və diqqətli olmalıdır”, - deyə A.Həsrət vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?