Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin Technion Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) növbəti məzunları arasında yer alıblar.
Modern.az xəbər verir ki, sayca 6-cı “Məzun Günü”ndə BMU rektoru Yaqub Piriyev, universitetin mərkəzin təlim və proqramlarında fərqlənən tələbələri iştirak ediblər.
Açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İsrailin Azərbaycandakı səfiri Ronen Kraus, Technion Universitetinin Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger, İRİA-nın nümayəndələri və digərləri çıxış edərək kibertəhlükəsizlik sahəsində kadr hazırlığının əhəmiyyətindən, beynəlxalq əməkdaşlığın rolundan və mərkəzin əldə etdiyi nəticələrdən danışıblar.
Sonra məzunlara sertifikatlar təqdim edilib. BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinnin “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbəsi Arzu Salehova və “İnformasiya təhlükəsizliyi” ixtisasının IV kurs tələbəsi Həbizat Abbasova da sertifikatla təltif olunublar.
Mərkəzin altıncı dalğası çərçivəsində ümumilikdə 100 nəfər ixtisasartırma və fərdi təlim proqramlarını uğurla başa vuraraq məzun adını qazanıb. Ölkədə kibertəhlükəsizlik üzrə peşəkar kadr potensialının artırılması, praktiki bilik və bacarıqların inkişaf etdirilməsi, həmçinin beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyası məqsədi daşıyan proqram çərçivəsində indiyədək yüzlərlə gənc hazırlanaraq əmək bazarına çıxarılıb.
Qeyd edək ki, BMU tələbələrinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları sırasında olması faktı ilk deyil. Əvvəlki buraxılışlarda da BMU tələbələri AKM-in məzunları arasında təmsil olunaraq bilik və bacarıqları ilə fərqləniblər. Bu, universitetdə informasiya texnologiyaları, kibertəhlükəsizlik istiqamətində aparılan məqsədyönlü tədris və hazırlıq prosesinin real nəticəsidir.


