Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə olunan real irəliləyişlər fonunda bəzi Avropa siyasi dairələrinin tutduğu mövqe açıq şəkildə qərəzli və destruktiv xarakter daşıyır. Xüsusilə, Avropa ölkələrinin müəyyən qruplarının ardıcıl şəkildə sülh prosesinə kölgə salmağa yönəlmiş addımları artıq təsadüfi deyil, sistemli siyasi davranış kimi dəyərləndirilməlidir.
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv və müsbət atmosferdə keçirilmiş görüşü ilə eyni gündə Fransa Senatının müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağıran qətnamə qəbul etməsi siyasi məsuliyyətsizliyin və açıq ikili standartların bariz nümunəsidir. Bu qərarla Fransa Senatı təkcə beynəlxalq humanitar hüququn fundamental prinsiplərini pozmur, eyni zamanda on minlərlə azərbaycanlının həyatına son qoymuş ağır cinayətlərin faktiki olaraq legitimləşdirilməsinə cəhd göstərir. Bu yanaşma sülh təşəbbüslərinə dəstək deyil, əksinə, cəzasızlığın təşviqi və revanşist düşüncələrin stimullaşdırılmasıdır.
Fransa hökumətinin bu cür addımlara səssiz qalmasının Senatın mövqeyinin rəsmi Parisin ümumi siyasi kursundan kənarda olmadığını açıq şəkildə göstərir. Özünü beynəlxalq hüququn və insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransanın bu məsələdə sərgilədiyi selektiv yanaşma onun vasitəçilik iddialarını tamamilə puça çıxarır. Bitmiş bir münaqişəni yenidən gündəmə gətirməyə çalışan qüvvələrin açıq təxribatçı mövqeyinə siyasi himayədarlıq edən dövlətin vasitəçi qismində çıxış etməsi qəbuledilməzdir.
Eyni zamanda Avropa Parlamentində və bəzi Avropa ölkələrinin siyasi dairələrində qondarma strukturların “nümayəndələri” ilə təmasların davam etdirilməsi, “Qarabağ məsələsi bağlanmayıb” kimi reallıqdan uzaq bəyanatların səsləndirilməsi beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Qarabağ məsələsi artıq tarixə qovuşmuş bir münaqişədir və bu reallığı inkar etmək cəhdləri yalnız regionda gərginliyi qoruyub saxlamağa xidmət edir.
Deputat qeyd edib ki, bu cür məsuliyyətsiz siyasi davranışlar Ermənistan cəmiyyətində əsassız ümidlər formalaşdırır, sülh gündəliyini zəiflədir və Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olmasına ciddi zərbə vurur. Avropa Parlamentinin və Fransa siyasi institutlarının bəzi nümayəndələri anlamalıdırlar ki, sülh prosesinə qarşı atılan hər bir addım təkcə Azərbaycana deyil, bütövlükdə regionun təhlükəsiz gələcəyinə yönəlmiş təhdiddir.
Azərbaycan beynəlxalq hüquqa, suverenliyinə və sülhə əsaslanan mövqeyindən geri çəkilməyəcək. Bu baxımdan Avropa siyasi dairələrinin, xüsusilə Fransa hökuməti və Fransa Senatının destruktiv yanaşmalardan imtina etməsi, ikili standartlara son qoyması və regionda sülhün bərqərar olmasına real töhfə verməsi tarixi məsuliyyətdir.
Novruz Aslanov
Millət vəkili