ABŞ 9 milyard dollar investisiya qoymur və Ermənistan dövlət borcu hesabına Atom Elektrik Stansiyası üçün avadanlıq alacaq.
Modern.az xəbər verir ki, bunu müxalif “Bizim yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan deyib. O, vitse-prezident Cey Di Vensin Ermənistana səfəri zamanı atom energetikası sahəsində əməkdaşlıqla bağlı fikirlərinin səhv tərcümə olunduğunu və bu səbəbdən Ermənistan üçün investisiya layihəsi kimi təqdim edildiyini deyib.
"Orijinal mətndə söhbət ABŞ istehsalı olan avadanlığın 5 milyard dollar dəyərində mümkün tədarükündən və əlavə olaraq yanacaqla təminat və texniki xidmət üzrə uzunmüddətli müqavilələr çərçivəsində 4 milyard dollardan gedirdi. Bu isə Ermənistan iqtisadiyyatına birbaşa investisiya demək deyil".
Tərcümədə bu, qarşılıqlı faydalı investisiyalar kimi təqdim olunub ki, Karapetyanın fikrincə, bu, məqsədli şəkildə edilib.
"Modul tipli AES ABŞ investisiyaları hesabına deyil, dövlət borcu vasitəsilə tikiləcək və bu, atom elektrik enerjisi tariflərinin iki dəfə artmasına gətirib çıxaracaq".
Bununla yanaşı, o qeyd edib ki, Çin də daxil olmaqla daha ucuz və daha güclü alternativ təkliflər mövcud olub, lakin onlar nəzərə alınmayıb.