"Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər mahiyyət etibarilə təkcə texnoloji modernləşmə çağırışı deyil, dövlətin gələcək inkişaf modelinin konseptual çərçivəsidir. Bu çıxış rəqəmsallaşmanı ayrıca bir sahə kimi deyil, milli təhlükəsizlikdən iqtisadi artıma, idarəetmədən insan kapitalına qədər bütün istiqamətləri birləşdirən strateji platforma kimi təqdim edir".
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər kərimli deyib.
Millət vəkili bildirib ki, bu baxımdan məsələ artıq “rəqəmsal transformasiya” deyil, dövlətin yeni idarəetmə fəlsəfəsinə keçididir:
"Dövlət başçısı açıq şəkildə vurğuladı ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma ilə bağlı islahatlar bu gün ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlardır. Bu, qlobal trendlərin düzgün qiymətləndirilməsidir. Müasir dünyada enerji resursları, nəqliyyat dəhlizləri, hətta hərbi güc belə, rəqəmsal infrastruktur olmadan əvvəlki təsir gücünü itirir.
Azərbaycan artıq bu istiqamətdə müəyyən baza formalaşdırsa da, Prezidentin vurğuladığı əsas məsələ rəqəmsallaşmanın prioritetlər siyahısında ön sıraya keçirilməsidir. Yəni bu, köməkçi sahə yox, inkişafın aparıcı xətti olmalıdır.
Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi uzun illər enerji və nəqliyyat siyasətinin əsas üstünlüyü olub. Prezident İlham Əliyev bu üstünlüyün artıq yeni məzmunda – fiber-optik və data dəhlizlərinə çevrilməli olduğunu bəyan etdi.
Bu, olduqca mühüm yanaşmadır. Vaxtilə neft-qaz və logistika üçün yaradılmış infrastruktur indi rəqəmsal kommunikasiya magistrallarına transformasiya olunmalıdır. Bu, faktiki olaraq Azərbaycanın “enerji qovşağı”ndan “data qovşağı”na çevrilməsi strategiyasıdır.
Prezident xüsusi olaraq vurğuladı ki, son 20 ildə generasiya gücü iki dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə olunmayan ehtiyat mövcuddur. Bu rəqəm təsadüfi səsləndirilmədi.
Çünki data mərkəzləri və süni intellekt infrastrukturu nəhəng enerji resursları tələb edir. Dünyada bir çox ölkələr rəqəmsal mərkəz olmaq istəsə də, enerji çatışmazlığı buna imkan vermir. Azərbaycan isə artıq bu baza imkanına malikdir".

Deputatın sözlərinə görə eyni zamanda yaşıl enerji layihələri və ixrac potensialı bu imkanları daha da genişləndirir:
"Prezident çıxışında Azərbaycanın nadir üstünlüyünü xüsusi vurğuladı və qeyd etdi ki, ölkə eyni vaxtda dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında işləyir.
Burada xüsusilə diqqət çəkən məqam ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında rəqəmsallaşma, data mərkəzləri və süni intellekt istiqamətlərinin yer almasıdır. Bu, Azərbaycanın artıq qlobal texnoloji şəbəkələrin diqqətində olduğunu göstərir.
Eyni zamanda, Avropa İttifaqına üzv 10 ölkə ilə strateji sənədlər və Çin Xalq Respublikası ilə hərtərəfli tərəfdaşlıq Azərbaycanın rəqəmsal diplomatiyasının coğrafiyasını göstərir".
Bu, faktiki olaraq Azərbaycanın qlobal texnoloji rəqabətdə neytral, lakin hamı üçün cəlbedici platforma ola biləcəyini göstərir.
Prezidentin ən prinsipial tapşırıqlarından biri dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və rəqəmsal sahədə pərakəndəliyin aradan qaldırılması oldu.
Bütün dövlət xidmətlərinin mygov üzərindən, yəni vahid mərkəzdən təqdim olunması tələbi sadəcə texniki qərar deyil. Bu, dövlət-vətəndaş münasibətlərinin yeni modelidir.
Müxtəlif platforma və tətbiqlərin ləğvi, vahid ekosistemin yaradılması idarəetmədə effektivlik, şəffaflıq və vətəndaş rahatlığı baxımından keyfiyyət sıçrayışı vəd edir.
Prezidentin toxunduğu əsas məsələlərdən biri insan kapitalıdır. Ali təhsil, xaricdə təhsil proqramları, hətta orta məktəb kurikulumuna qədər uzanan dəyişikliklər zərurəti göstərir ki, rəqəmsal transformasiya ilk növbədə kadr transformasiyasıdır.
Bu sahədə mütəxəssislərə ehtiyac eksponent şəkildə artacaq və buna hazır olmaq strateji məsələdir.
Süni intellekt və dövlət idarəçiliyi
Çıxışın ən diqqətçəkən məqamlarından biri süni intellekt agentlərinin dövlət məmurlarının gündəlik fəaliyyətinə inteqrasiyası ilə bağlı idi. Bu, artıq gələcəyin deyil, bu günün idarəetmə modelidir.
Qərarların düzgünlüyünün təhlili, proseslərin optimallaşdırılması, risklərin qiymətləndirilməsi prosesində süni intellekt yardımçı mexanizmə çevrilməlidir.
Prezident ötən il Azərbaycanın aqressiv kiberhücuma məruz qaldığını və mənbəyin məlum olduğunu vurğuladı. Bu mesaj təsadüfi deyildi. Rəqəmsallaşma artdıqca kibertəhlükəsizlik milli təhlükəsizliyin əsas komponentinə çevrilir.
Bu kontekstdə fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin rolu daha da artır.
Bu müşavirə göstərdi ki, Azərbaycan artıq enerji, nəqliyyat və logistika dəhlizi mərhələsini geridə qoyaraq yeni mərhələyə, rəqəmsal və data dəhlizi mərhələsinə keçmək üzrədir.
Mövcud enerji gücü, coğrafi mövqe, infrastruktur təcrübəsi, investisiya iqlimi və qlobal tərəfdaşlıqlar bu keçidi mümkün edən nadir kombinasiyadır.
Prezident İlham Əliyevin təqdim etdiyi yanaşma göstərir ki, rəqəmsallaşma dövlətin gələcək inkişaf fəlsəfəsidir.