14 fevral hər il dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Hər ilin bu günündə cütlüklər bir-birinə xüsusi hədiyyələr alaraq, sevgilərini xüsusi şəkildə göstərirlər.
Lakin bu gün dünyada daha çox Valentin Günü kimi bilinir. Bu isə III əsrdə yaşayan xristian din adamı Saint Valentinlə bağlıdır.
Maraqlıdır ki, niyə məhz 14 fevral Valentin Günü Sevgililər Günü kimi qeyd edilir.
Modern.az 14 fevralın yaranma səbəbini təqdim edir.
14 fevralın tarixi olduqca qədim dövrə gedib çıxır. Bu gün dünyada Valentin günü kimi bilinir və Saint Valentine adında III əsrdə Roma imperiyasında yaşamış xristian din xadimi ilə əlaqələndirilir. Tarixi mənbələrdə onunla bağlı ən məşhur rəvayət belədir ki, o Roma imperatoru Cladius II Gothicusun qərarına zidd getdiyinə görə edam olunub. Belə ki, Roma imperatoru Claudius II Gothicus subay kişilərin daha yaxşı döyüşçü olduğunu hesab edərək, gənc əsgərlərin evlənməsini qadağan etdikdə, Valentin gizli şəkildə aşiq cütlükləri evləndirirdi. Bu səbəbdən o, həbs edilir və 14 fevral tarixində edam edilir.
Bəs hansı ölkədə bu gün necə qeyd edilir?
ABŞ
ABŞ Sevgililər Günü ən geniş qeyd olunan ölkələrdəndir. Cütlüklər bir-birinə qızılgül, şokolad, açıqca və zinət əşyaları hədiyyə edirlər. Restoranlarda romantik şam yeməkləri təşkil olunur. Həmçinin dostlara və ailə üzvlərinə də kart göndərmək ənənəsi var.
Fransa
“Sevginin paytaxtı” sayılan Paris bu günü romantik gəzintilər və xüsusi axşam yeməkləri ilə qeyd edir. Fransada əsas diqqət sevgililər arasında hədiyyə və sevgi mesajlarına yönəlir.
Yaponiya
Yaponiyada maraqlı ənənə var: 14 fevralda qadınlar kişilərə şokolad hədiyyə edir. “Giri-çoko” (hörmət şokoladı) və “honmei-çoko” (sevgiyə görə şokolad) anlayışları mövcuddur. 14 martda isə “White Day” adlı gündə kişilər cavab hədiyyəsi verirlər.
İtaliya
İtaliyada bu gün romantik şam yeməkləri və kiçik hədiyyələrlə qeyd olunur. Xüsusilə Verona (Romeo və Cülyettanın şəhəri) turistlərin diqqət mərkəzində olur.
Braziliya
Braziliyada Sevgililər Günü 14 fevralda deyil, 12 iyunda – “Dia dos Namorados” adı ilə qeyd olunur. Bu tarix Müqəddəs Antoniyə həsr edilib və cütlüklər bir-birinə hədiyyələr təqdim edirlər.
Azərbaycan
Azərbaycanda 14 fevral son illərdə daha geniş yayılıb. Cütlüklər bir-birinə gül, ətir, şokolad və digər hədiyyələr təqdim edir. Restoran və kafelərdə xüsusi proqramlar təşkil olunur.