2026-cı ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək,20 kq 032,8 qramını həşiş,6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil edib.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 14 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 162 kq 240,1 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 59 kq 691,5qr müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 207 nəfər cəlb edilib, onlardan 199-u kişi, 8-i qadın olub. Məsuliyyətə cəlb edilmiş 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq 900,246 qr müxtəlif növ narkotik vasitələr götürülüb.