Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə artıb. Hazırda universitetdə 40 ölkədən əcnəbi tələbə təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə ölkələrin sayının təxminən 2 dəfə artdığını göstərir.
Beynəlxalq tələbələr arasında say baxımından ilk yeri Pakistan tutur. Universitetdə bu ölkədən hazırda 36 nəfər tələbə təhsil alır. Sonrakı sıralarda Gürcüstan, Yəmən, Sudan, Türkiyə, Rusiya, Çad, İraq, Əlcəzair, Fələstin, Hindistan, Mərakeş, Somali, Benin, Əfqanıstan, Filippin, İordaniya, Qırğızıstan, Nepal, İran, Qazaxıstan, Misir, Nigeriya, Özbəkistan, Suriya, Şri-Lanka, Uqanda, Keniya, Kosta Rika, Qambiya, Qvineya, Liberiya, Malavi və digər ölkələrdən olan tələbələr yer alır.
Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində seçilmiş 34 əcnəbi tələbə BMU-da təhsilə cəlb edilib.
Tədrisdə ingilis dilinə üstünlük verilməsi, təhsilin beynəlxalq standartlara uyğun və müasir metodlar əsasında təşkili, həmçinin xarici təcrübə və tələbə mübadiləsi proqramları BMU-nun əcnəbi vətəndaşlar üçün cəlbedici olmasını təmin edən əsas amillərdəndir.
BMU-da müxtəlif ölkələrdən olan tələbələrin təhsil alması universitetin beynəlxalq aləmdə tanınmasının, tədris keyfiyyətinə olan etimadın və qlobal ali təhsil məkanına uğurlu inteqrasiyasının göstəricisidir. Universitet beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xarici tələbələr üçün yeni təhsil imkanlarının yaradılması və çoxmədəniyyətli akademik mühitin formalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.