Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib.
Modern.az xəbər verir ki, Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.
Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər. Gəncə Dövlət Universitetini İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva təmsil ediblər.
IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.
Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.
Forumun rəsmi açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatına artan marağı nəzərə alaraq, bu sərginin xüsusi əhəmiyyəti vardır. “ADA Universitetində Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yaradılmasından artıq iki ildən çox vaxt keçir. Bu müddət ərzində fakültənin inkişafında belə təşəbbüs və platformaların rolu əvəzsizdir. Sərgi çərçivəsində startap layihələrinin stendlərini izləyərkən tələbələrimizin öz işlərini böyük həvəslə və inamla təqdim etməsi gənclərin bu sahəyə olan sevgisinin və marağının bariz göstəricisidir”, – deyə rektor əlavə edib.
Çıxışlardan sonra aqrar startaplar haqqında videoçarxlar nümayiş olunub və uğurlu startapçılar forum iştirakçılarına öz innovativ layihələrinin təqdimatını həyata keçiriblər. Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslanov və Zeynəb Nağıyeva öz startap layihələrini təqdim ediblər. Tələbələrimiz forumda fəal iştirakına görə sertifikata layiq görülüblər.
Forum çərçivəsində həmçinin “Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.