TTK (Təhsil Tələbə Krediti) üzrə ən yüksək göstəricilərə malik ali təhsil müəssisələrinin siyahısı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit Fondu (TTKF) məlumat yayıb.
Məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində sosial TTK üzrə 1068, standart TTK üzrə isə 3727 rəsmiləşmə qeydə alınıb. Universitetdə 25 faiz güzəşt tətbiq olunan rəsmiləşmələrin sayı 81, 50 faiz güzəşt tətbiq olunanların sayı isə 26-dır. Sözügedən ali təhsil müəssisəsinə ayrılan vəsaitin həcmi isə ümumilikdə 5,9 milyon manat təşkil edir.
Bakı Dövlət Universitetində sosial TTK üzrə 987, standart TTK üzrə 2458 rəsmiləşmə aparılıb. 25 faiz güzəşt tətbiq olunan rəsmiləşmələrin sayı 354, 50 faiz güzəşt tətbiq olunanların sayı isə 136-dır. Universitet üzrə ayrılan ümumi vəsait 3,9 milyon manatdır.
Gəncə Dövlət Universitetində sosial TTK üzrə 1535, standart TTK üzrə isə 2551 rəsmiləşmə qeydə alınıb. 25 faiz güzəşt tətbiq edilən rəsmiləşmələrin sayı 63, 50 faiz güzəşt tətbiq olunanların sayı isə 27-dir. Bu ali məktəbə ayrılan vəsait 2,9 milyon manat təşkil edir.
Azərbaycan Texniki Universitetində isə sosial TTK üzrə 1164, standart TTK üzrə 2439 rəsmiləşmə aparılıb. 25 faiz güzəşt tətbiq olunan rəsmiləşmələrin sayı 169, 50 faiz güzəşt tətbiq olunanların sayı 72-dir. Universitetə ayrılan vəsaitin həcmi 3,4 milyon manatdır.
Məlumat üçün bildirək ki, ayrılan vəsaitin həcminə görə Azərbaycan Dövlət İqtisad Universiteti ilk sırada qərarlaşıb. Sosial TTK üzrə ən yüksək rəsmiləşmə sayı isə Gəncə Dövlət Universitetində qeydə alınıb.