Modern.az

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

Aktual

18 Fevral 2026, 09:56

Beynəlxalq analitik mərkəz olan "Oxford Insights" tərəfindən “Süni intellekt startap həllərinin dövlət sektoruna inteqrasiyası: Azərbaycanda "ASAN AI Hub" təcrübəsi" adlı məqalə dərc olunub. Məqalədə Azərbaycanda dövlət sektorunda süni intellekt həllərinin tətbiqi və innovativ ekosistemin formalaşdırılması istiqamətində atılan addımlar təhlil edilir.

Yazıda xüsusi olaraq "ASAN AI Hub" təşəbbüsünün rolu vurğulanır. Qeyd olunur ki, bu platforma dövlət qurumları ilə süni intellekt sahəsində fəaliyyət göstərən startaplar arasında effektiv əməkdaşlıq mexanizmi yaradır. Dövlət qurumlarının qarşılaşdığı reallıqlar açıq çağırış formatında təqdim edilir və innovativ həllər təklif edən komandalar arasından ən uyğun layihələr seçilərək pilot mərhələdə tətbiq olunur.

Məqalədə, həmçinin "ASAN xidmət" modelinin dövlət xidmətlərinin göstərilməsində yaratdığı dönüş nöqtəsinə diqqət yetirilir. Bildirilir ki, ASAN modeli illər ərzində şəffaflıq, əlçatanlıq və vətəndaş məmnuniyyəti baxımından beynəlxalq səviyyədə nümunə kimi qiymətləndirilib və yeni texnoloji təşəbbüslər üçün möhkəm institusional baza formalaşdırıb.

Təhlildə vurğulanır ki, Azərbaycan süni intellekt və rəqəmsal transformasiya sahəsində regional innovasiya mərkəzinə çevrilmək istiqamətində sistemli addımlar atır. Dövlət-özəl sektor tərəfdaşlığına əsaslanan "ASAN AI Hub" modeli isə tədqiqat, startap və ictimai sektor arasında körpü rolunu oynayaraq innovasiyaların praktik tətbiqini sürətləndirir.

Məqalədə qeyd olunur ki, bu yanaşma yalnız texnoloji inkişafı deyil, həm də idarəetmədə səmərəliliyin artırılmasını, resursların optimallaşdırılmasını və vətəndaş yönümlü xidmətlərin genişləndirilməsini hədəfləyir. "Oxford Insights" tərəfindən aparılan təhlil "ASAN AI Hub"ın beynəlxalq miqyasda tətbiq oluna biləcək innovativ əməkdaşlıq modeli kimi qiymətləndirilə biləcəyini göstərir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR