Sabah Azərbaycanda Ramazanın birinci günüdür. Bu barədə Qafqaz Müsəlmanlarının verdiyi fətvada bildirilir. Lakin bəzi ölkələrdə - Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, İraq, Küveyt, Livan, Fələstin və Yəməndə Ramazan orucuna məhz bu gün başlanılıb. Bu ölkələr hilalın görünməsinə əsasən 18 fevralı Ramazan ayının ilk gününü elan ediblər.
Azərbaycanda da bir qism insanlar Qafqaz Müsəlmanları İdarəsinin verdiyi rəsmi fətvaya baxmayaraq, bu gündən oruc tutmağa başlayıblar.
Bəs bu nə qədər düzgündür? Başqa ölkələrə əsaslanıb oruc tutmaq qəbul olunur?
Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, Ramazan orucuna başlama günü ilə əlaqədar başqa ölkələrin cədvəlinə baxılmamalıdır:
“Bu gün biz Şaban ayının son gününü yaşayırıq. Azərbaycanın inanclı insanları Şaban ayının bu son günündə oruc halındadır. Yəni bu Ramazan orucu anlamında deyil, savab orucu kimi nəzərdə tutulur. İnsanlar Allaha yaxınlaşmaq ayına - Ramazana daxil olmağa fürsət kimi belə bir oruc tuturlar.
Ramazan orucu isə sabah başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qərar verilib. İnşaAllah sabahkı gündən tutulan orucular Ramazan orucudur. Amma bu gün bir kəsim insanlar oruc halındadırlar. Onların tuduğu oruc Şabanın orucu hesab olunur, Ramazan anlayışında deyil. Ona görə bu savabdır, Allaha yaxınlaşmadır. Onu da deyim ki, bir çox insanlar da keçmiş Ramazan oruclarının qəzasını bugün tutublar.
Azərbaycanın öz meridian xətti, coğrafi mövqeyi, üfüqi var. Biz nə Qətəri, nə də Səudiyyə Ərəbistanını misal gətirməliyik. Azərbaycanın özünün Rəsədxanası var. Rəsədxananın verdiyi məlumat, cədvəl, artıq paylaşılıb. Fitr Bayramı isə 20 martda olacaq. Biz bu təqvimlə də orucumuzu tutacağıq. Bütün bölgələr də bu təqvimlə Ramazanı keçirəcək. Birgə də bayramlaşıb dövlətimizə, xalqımıza, millətimizə dua edəcəyik. İnşAllah bununla da Ramazanı başa vuracağıq".

Bəs bu gün oruca başlayanların orucu qəbul olunur?
Sualımıza cavabında Hacı Surxay Məmmədli deyib: "Orucun qəbul olunub-olunmamasını bəşər təyin edə bilməz. İnsan ağlı, şüuru, məntiqi acizdir ki, kimsə durub “bəli, sənin tutduğun oruc qəbuldur və ya qəbul deyil” desin. Orucu, yalnız Allah-Təala qəbul edir. Çünki Ramazan Allahın ayıdır. Əgər kimlərsə oruc tutubsa, savab məqsədilə, niyyəti Ramazan orucu deyilsə, bu da savabadır və Allah yanında qəbuldur. Amma bizim mövzumuz əsas Ramazandır. Ramazan da təbii ki, günbəgün tutulacaq. Və niyyət Ramazan orucu olacaq".