Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunda uğur qazanan tələbələrlə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Forumda Gəncə Dövlət Universitetini təmsil edən İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva iştirak ediblər.
Qeyd olunub ki, forumda fəal iştirak edən GDU-nun Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslan və Zeynəb Nağıyeva Aqrar İnnovasiya Mərkəzinin “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Mentor dəstəyi proqramı”nı uğurla bitirdiyinə görə sertifikata layiq görülüblər.
Rektor Yusif Yusibov tələbələri təbrik edib, onlara uğurlar arzulayıb, startapların inkişafı ilə bağlı tələbələrə dəstək olacağını bildirib.
Görüşdə iştirak edən İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov gələcəkdə universitetdə startaplarla bağlı həyata keçiriləcək işlər haqqında məlumat verib.
Tələbələr onlara dəstək olan universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, IV Aqrar Startaplar və İnnovasiya Forumu aqrar innovasiya ekosisteminin gücləndirilməsi, startapların bazara çıxış imkanlarının genişləndirilməsi, investorlarla əməkdaşlığın qurulması və elmi biliklərin praktik tətbiqinin təşviqi baxımından mühüm platforma rolunu oynayır. Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.