Modern.az

Azərbaycan Suriyaya hər cəbhədə dəstək olur

Azərbaycan Suriyaya hər cəbhədə dəstək olur

Aktual

20 Fevral 2026, 15:26

Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişə əsasən, Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək.

İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi önəm verdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, həyata keçiriləcək bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

Milli Məclisin üzvü Elman Nəsirov Modern.az – a açıqlamasında bildirib ki, Cənab Prezident İlham Əliyev xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi ərəb dünyası və müsəlman ölkələri ilə münasibətlərin genişləndirilməsini müəyyən etmişdir:

“Təsadüfi deyildir ki, 2017-ci ili Cənab Prezident İslam həmrəyliyi ili elan etmişdi. Həmin ildə IV İslam Həmrəyliyi Oyunları keçirildi.

Azərbaycanın həm Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə, həm də İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərlə əlaqələri dinamik şəkildə inkişaf etdirilir.

Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu quruma üzv olan müsəlman ölkələrinin əksəriyyəti ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətləri inkişaf etdirmişdir.

Düzdür, Suriya ilə əlaqələrimizin inkişafında ciddi maneələr var idi. Çünki Suriyada əvvəlki, Bəşər Əsəd  hökuməti tərəfindən Ermənistana yönəlik siyasət həyata keçirilirdi və bu siyasət Azərbaycan üçün qəbuledilməz idi. Həmin dövrdə Suriya ilə münasibətlərin inkişafından söhbət gedə bilməzdi. Münasibətlərimiz kritik mərhələni yaşayırdı”.

Elman Nəsirov bildirib ki, indiki Prezident Əhməd əş Şaaranın dövründə Azərbaycan–Suriya əlaqələri sürətlə inkişaf etməyə başlayıb:

“Azərbaycan hətta Suriyanın qazla təminatı məsələsinə də töhfə verir. Artıq Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya çatdırılır və əhalinin qaz və elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.

Azərbaycan dost Suriya dövlətində məktəblərin fəaliyyətinə dəstək göstərməsi təsadüfi deyil. Bu istiqamətdə maliyyə yardımları ayrılır. Bütün bunlar iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir.

Azərbaycan Suriyanın çətin günündə göstərdiyi dəstəklə yadda qalır və Suriya xalqı bunu heç zaman unutmayacaq.

Bu gün Suriyada qaz təchizatı, məşğulluğun artırılması, məktəblərin fəaliyyəti və humanitar yardım sahələrində Azərbaycanın dəstəyi açıq şəkildə görünür. Bu, həm də Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfənin və müsəlman dünyasında oynadığı rolun göstəricisidir”.

Deputat bildirib ki, biz müsəlman ölkəsiyik və imkanlarımız daxilində hər zaman müsəlman birliyinin və İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət edirik:

“Bu siyasətin məntiqi tərkib hissəsi kimi Suriya ilə əlaqələrin inkişafında maraqlıyıq və bu istiqamətdə töhfə veririk. Suriyanın hakimiyyəti də bunu yüksək qiymətləndirir və artıq birmənalı şəkildə bəyan edilir ki, Azərbaycan–Suriya əlaqələrinin geniş perspektivləri var. Təhsil və elm sahəsində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Bu, humanitar sahədə əlaqələrimizin inkişaf etməyə başladığını və möhkəm təməllərin formalaşdığını göstərir.

Suriyalı tələbələrin Azərbaycanda ali təhsil alması mümkün ola bilər. Bir çox universitetlərimizin bu sahədə geniş potensialı və təcrübəsi var. Bütün bunlar göstərir ki, ikitərəfli münasibətlər iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik, humanitar sahə, təhsil, mədəniyyət və elm istiqamətlərində geniş inkişaf potensialına malikdir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?