"Dövlətimizin ən ağır və həssas dövrlərində, torpaqlarımız işğal altında olduğu illərdə ölkəsindən üz çevirərək xaricdə müxtəlif dairələrin təsiri altına düşən bəzi şəxslərin bugünkü davranışları ciddi narahatlıq doğurur.
Xüsusilə də Azərbaycan Prezidentinə qarşı təhdid və təhqirlər səsləndirilməsi qətiyyən yolverilməzdir. Bu cür davranış nə siyasi mübarizədir, nə də fikir azadlığı - bu, elementar etik normaların və milli ləyaqətin pozulmasıdır. Xarici ölkədə öz dövlətinin başçısına qarşı aqressiv və alçaldıcı ifadələr işlətmək heç bir halda demokratik fəaliyyət kimi təqdim oluna bilməz".
Modern.az xəbər verir ki, bu fikirləri Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə deyib.
"Unutmaq olmaz ki, ABŞ-da və digər ölkələrdə yaşayan minlərlə ləyaqətli və vətənpərvər azərbaycanlı var. Onlar harada yaşamalarından asılı olmayaraq, ölkələrinin nüfuzunu qorumağa çalışır, milli maraqlara həssas yanaşırlar. Təəssüf ki, bir qrupun emosional və məsuliyyətsiz davranışı bütövlükdə diasporumuz haqqında mənfi rəy formalaşdıra bilir".

O bildirib ki, əgər məqsəd həqiqətən də prinsipial mövqe nümayiş etdirməkdirsə, o zaman bu prinsipiallıq selektiv olmamalıdır:
"Azərbaycanın əleyhinə aparılan qərəzli informasiya kampaniyalarına, ikili standartlara və açıq-aşkar ədalətsiz yanaşmalara qarşı da eyni qətiyyət göstərilməlidir. Yalnız daxilə yönəlmiş sərt şüarlar səsləndirib, xaricdən gələn təzyiqlərə susmaq ardıcıl mövqe hesab oluna bilməz.
Tənqid etmək hər bir vətəndaşın haqqıdır. Lakin tənqid təhqirə və təhdidə çevriləndə artıq hüquqi və mənəvi sərhədlər aşılmış olur. Dövlət başçısına qarşı xarici ölkə ərazisində yönəlmiş aqressiv davranış nə demokratik dəyərdir, nə də siyasi mədəniyyət nümunəsi. Bu, əksinə, ölkənin nüfuzuna zərbə vurur və milli həmrəyliyə xələl gətirir.
Siyasi baxışlardan asılı olmayaraq, milli məsələlərdə məsuliyyətli, ölçülü və ləyaqətli davranmaq hər birimizin borcudur. Emosional çıxışlar və təhqir dili nə problemi həll edir, nə də cəmiyyətə fayda verir. Güclü mövqe sərt şüarla deyil, əsaslandırılmış və prinsipial arqumentlərlə ortaya qoyulur", - deyə B.Məmmədzadə əlavə edib.