Dünən Vaşinqtonda keçirilən "Sülh Şurası"nın ilk toplantısından sonra ABŞ-də yaşayan bir qrup təhrikedici şəxs Prezident İlham Əliyevin qaldığı otelin ətrafında təhlükəsizlik perimetrini zorakı formada pozmağa çalışıb, qeyri-etik ifadələr işlədib, təxribatçı addımlar atıb. Onların bu cəhdinin qarşısı ABŞ polisi və Azərbaycan Prezidentinin təhlükəsizlik xidməti tərəfindən alınıb.
Bu adamların ABŞ-də Erməni Milli Komitəsindən (ANCA-dan) və erməni lobbisi ilə əlaqələri bilinən konqresmen Frenk Palloni tərəfindən dəstəklənməsi də diqqət çəkir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Modern.az-a açıqlamasında bu cür addımları qətiyyətlə pisləyib:
"Mən bu şeyləri qınayıram. Xalqımızın bir sözü var: yel qayadan nə apara bilər? İlham Əliyev elə möhtəşəm bir şəxsdir ki, onun xalq qarşısında çox böyük xidmətləri var. 2-3 nəfər avaranın, muzdlu adamların belə hərəkətləri ancaq qınağa səbəb ola bilər. Onların bu cür antimilli addımlarının heç bir şeyə təsiri yoxdur, ola da bilməz! Öz-özlərini rəzil-rüsvay edirlər. Vəssalam!".