Modern.az

Bu gün Xocalı yalnız faciənin deyil, dirçəlişin ünvanıdır

Bu gün Xocalı yalnız faciənin deyil, dirçəlişin ünvanıdır

Aktual

23 Fevral 2026, 10:45

"“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində vəhşilik aktıdır”. Ulu Öndər Heydər Əliyevin bu qiyməti təkcə milli yaddaşın ifadəsi deyil, həm də hüquqi və mənəvi həqiqətin bəyanıdır. Xocalı faciəsi yalnız bir şəhərin taleyi deyil, iki əsrə yaxın davam edən etnik nifrət siyasətinin qanlı kulminasiyası, insanlığa qarşı törədilmiş cinayətin simvoludur".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalıya hücum etdi:

"Beynəlxalq humanitar hüququn bütün norma və prinsipləri kobud şəkildə pozuldu, mülki əhali məqsədli şəkildə hədəfə alındı. Şəhəri tərk etməyə çalışan dinc insanlar Naxçıvanlı və Pircamal istiqamətində pusquya salındı, qadınlar, uşaqlar, ahıllar qətlə yetirildi, bir qismi əsir götürüldü, digərləri şaxtada donaraq həlak oldu.

Rəsmi statistikaya görə, 613 nəfər öldürüldü: 63 uşaq, 106 qadın, 70 ahıl. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 150 nəfərin taleyi bu gün də naməlumdur. Xocalı təkcə insan itkisi ilə deyil, həm də mədəni-mənəvi irsə qarşı vandalizm aktı ilə üzləşdi: məktəblər, kitabxanalar, mədəniyyət ocaqları, tarixi abidələr yerlə-yeksan edildi.

Bu hadisələr “soyqırımı” anlayışının BMT-nin 1948-ci il Konvensiyası ilə müəyyən edilmiş bütün elementlərini özündə ehtiva edir.  

1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olundu. 1997-ci ildən etibarən hər il saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi keçirilir. Bu sükut unutqanlığa qarşı milli anddır, insanlığa səslənişdir. 

Beynəlxalq müstəvidə Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri, ABŞ-ın çoxsaylı ştatları və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası isə bu həqiqətləri qlobal ictimai rəyə sistemli şəkildə çatdırır. “Justice for Khojaly” platforması faktların sənədləşdirilməsi və yayılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik”. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi. 15 oktyabr 2023-cü ildə Xocalıda Azərbaycan Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzinə çevrildi".

Deputatın sözlərinə görə bu gün Xocalı yalnız faciənin deyil, dirçəlişin ünvanıdır:

"Şəhərdə Soyqırımı Memorial Kompleksi yaradılır, yaşayış binaları, məktəblər, infrastruktur bərpa olunur. Artıq yüzlərlə ailə doğma yurduna qayıdıb. Prezident İlham Əliyevin Xocalıya ardıcıl səfərləri, açılışlar, sakinlərlə görüşlər göstərir ki, yaddaş siyasəti bərpa siyasəti ilə paralel aparılır.

26 fevralda saat 17:00-da ölkə boyu çökən sükut təkcə keçmişin ağrısına deyil, gələcəyin məsuliyyətinə də işarə edir. Bu sükutun içində Azərbaycan xalqının müqəddəs andı var: Xocalını unutmayacağıq, Xocalını unutdurmayacağıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...